SİYASƏT
Yunis Vəlizadə: İlk dəfə səs verdiyim üçün çox xoşbəxtəm
Bakı, 26 sentyabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən ümumxalq səsverməsi (referendum) Nəsimi rayonunda səhər saat 8-də başlayıb. Səsvermə hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından məntəqələrə üz tutub, referendumda fəal iştirak ediblər. Bu rayonda fəaliyyət göstərən məntəqələrin hər birində vətəndaşlara öz iradələrini sərbəst ifadə etmələri üçün bütün şərait yaradılıb.
21 saylı Nəsimi birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Çingiz Dadaşov AZƏRTAC-a bildirib ki, dairədə 29 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə seçicilərin ümumi sayı 33 min 802 nəfərdir. Seçkilərin şəffaf və demokratik keçməsi üçün 10 seçki məntəqəsində vebkameralar quraşdırılıb. Səsvermənin gedişini 409 yerli müşahidəçi izləyib. Məntəqələr fasiləsiz elektrik enerjisi, rabitə, kompyuterlər və digər avadanlıqla təchiz edilib.
Bu seçki dairəsi üzrə ilk səs verən vətəndaşlardan biri də Həliməxanım Ağayeva olub.
İlk dəfə səs verən və referendum günü 18 yaşı tamam olan Yunis Vəlizadə qürur hisslərini bölüşərək deyib: “Fəxr edirəm ki, ilk dəfə səs verirəm. Seçkilər tam şəffaf, demokratik qaydada keçir və hər kəs müstəqil və sərbəst şəkildə səs verir”.
21 saylı Nəsimi birinci seçki dairəsində yaşı 80-dən yuxarı olan 638 nəfər qeydiyyata alınıb. İlk dəfə səs verən gənclərin sayı isə 146-dır.
Dairə seçki komissiyasının sədri səsvermə günü ərzində heç bir qayda pozuntusu və şikayətin qeydə alınmadığını diqqətə çatdırıb.