CƏMİYYƏT
Yuri Piqolkin: Bakıda Dünya Tibbi Hüquq Konqresinin keçirilməsi Azərbaycanın uğurları ilə bağlıdır VİDEO
Bakı, 11 iyul, Əziz Məmmədov, AZƏRTAC
Bakıda XXIII Dünya Tibbi Hüquq Konqresi (DTHK) ən yüksək səviyyədə təşkil edilib. Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) Şərqi Avropa və keçmiş Sovet İttifaqı məkanında ilk dəfədir bu sahədə belə mötəbər tədbir keçirir. Beynəlxalq konqresdə dünyanın təqribən 60 ölkəsindən 300-dən çox mütəxəssis iştirak edir. DTHA-nın banilərindən biri və indiki prezidenti, professor Tomas Noquçi, habelə dünyanın məhkəmə təbabətini və kriminalistikasını təcəssüm etdirən ekspertlər Bakıya gəliblər. Eyni zamanda, Bakı Konqresi DTHA üçün tarixi əhəmiyyət daşıyır. Bu Konqres qurumun Qızıl yubileyi - 50 illiyi ilə əlamətdar olacaq. Bundan əlavə, Assosiasiyanın yarım əsrlik tarixi ərzində Müstəqil Dövlətlər Birliyi, Ərəb dünyası və Mərkəzi Asiya ölkələrindən mütəxəssislər DTHK-da belə geniş təmsil olunmayıb. Bu da sivilizasiyaların dialoqunda Azərbaycanın rolunu vurğulayır. Şəksiz ki, Azərbaycana belə diqqət onun uğurları ilə bağlıdır.
AZƏRTAC-ın xəbər verdiyi kimi, bu sözləri jurnalistlərə müsahibəsində XXIII DTHK-nın iştirakçısı, məhkəmə təbabətinin bir çox sahələrində tanınmış ekspert , Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor, tibb elmləri doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin müalicə fakültəsinin məhkəmə təbabəti kafedrasının müdiri Yuri Piqolkin söyləyib.
Rusiyalı ekspert sonda deyib: “Ölkənizdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının fəaliyyət göstərdiyini qeyd etməyə bilmərəm. Filial Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hamiliyi ilə müvəffəqiyyətlə işləyir. İki ölkənin qarşılıqlı fəaliyyəti belə yüksək səviyyə fəal inkişaf edir və şəksiz ki, ölkələrimizin rəhbərliyi tərəfindən dəstəklənir”.