SİYASƏT
Yuri Vorobyov Belarus Prezidenti seçkilərində MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib
Bakı, 3 avqust, AZƏRTAC
Yuri Vorobyov Belarus Prezidenti seçkilərində MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib.
AZƏRTAC bu xəbəri MDB PA-nın rəsmi saytına istinadla xəbər verir.
Belarus Respublikası Parlamentinin Respublika Şurasının sədri Mixail Myasnikoviçin və Nümayəndələr Palatasının rəhbəri Vladimir Andreyçenkonun dəvətinə müvafiq olaraq MDB-nin Parlamentlərarası Assambleyası Belarus Prezidenti seçkilərinin hazırlanmasının və keçirilməsinin beynəlxalq monitorinqində iştirak etmək üçün müşahidəçilər qrupu formalaşdırmağa başlayıb.
MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenkonun sərəncamına əsasən qrupun əlaqələndiricisi RF Federal Məclisinin təklifi üzrə Federasiya Şurası sədrinin müavini Yuri Vorobyov təyin edilib.
Yuri Vorobyov siyasi elmlər namizədi, Voloqda vilayəti dövlət hakimiyyəti qanunverici orqanının nümayəndəsidir. Bununla yanaşı, o, Federasiya Şurasında Rusiya və Belarus regionlarında forumlara hazırlığa və onların keçirilməsinə nəzarət edir, Belarus və Rusiya İttifaqı Parlament Məclisinin işində, habelə Federasiya Şurasının Parlamentlərarası Komissiyasının və Regionlararası Əməkdaşlıq üzrə Respublika Şurasının işində fəaliyyət göstərir.
MDB PA-nın müşahidəçilər qrupu (Müstəqil Dövlətlər Birliyi missiyasının tərkibinə daxil olacaq) oktyabrın 11-də keçiriləcək Belarus Prezidenti seçkilərinin hazırlanmasının və keçirilməsinin beynəlxalq monitorinqində iştirak edəcək.