ELM VƏ TƏHSİL
Yuri Yevtuşenko: Belə konfranslar elmin populyarlaşmasına kömək edir
Bakı, 28 avqust, Pərvanə Rəhimova, AZƏRTAC
Bakıda keçirilən “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfransda çox maraqlı məruzələr dinlənildi. Ümidvaram ki, bu tədbir alimlər arasında informasiya mübadiləsinə kömək edəcək. Bu, çox faydalı və əhəmiyyətlidir. Məncə, alimlərə kömək etmək, mümkün qədər tez-tez görüşmələrinə şərait yaratmaq lazımdır. Belə yanaşma elmin və texnologiyaların inkişafına müsbət təsir göstərəcək. Burada nəzəri məruzələrlə, habelə sənaye məsələlərinə tətbiqi əlavələrlə çıxış edirlər. Bütün bunlar çox dəyərlidir.
Bu sözləri konfransın iştirakçısı, riyaziyyatçı alim, Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü, Ukrayna Milli Elmlər Akademiyasının xarici üzvü, REA-nın A.A.Dorodnitsın adına Hesablama Mərkəzinin direktoru Yuri Yevtuşenko AZƏRTAC-a müsahibəsində bildirib.
Y.Yevtuşenko qeyd edib ki, bu, sənayenin elmi yolla idarə olunması mövzusunda artıq beşinci konfransdır. Bu konfransların hər biri özlüyündə faydalı və əhəmiyyətlidir. Alim deyib: “Konfransda dinlənilən hansı məruzənin maksimum əks-səda doğuracağını demək çox çətindir. Bunu həyat göstərər. Düşünürəm ki, onların hamısı faydalı olacaq”.
Paytaxtımız barədə təəssüratlarını bölüşən Y.Yevtuşenko bildirib ki, Bakı sürətlə inkişaf edir və çiçəklənir.