REGİONLAR
Yuris Maklakovs: Naxçıvanın sənaye və kənd təsərrüfatı məhsullarının Latviya bazarına çıxarılması haqqında düşünürük
Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasına səfərim zəngin təəssüratlarla yadda qaldı. Naxçıvanın həm qədim tarixi, həm də müasir inkişafı məni valeh etdi.
Bu fikirləri sentyabrın 7-10-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs AZƏRTAC-a müsahibəsində deyib.
Səfər çərçivəsində muxtar respublikanın gəzməli-görməli yerləri, eləcə də təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələri ilə tanış olan səfir təəssüratlarını bölüşərək qeyd edib ki, Naxçıvan çox zəngin mədəni irsə malikdir. O, Naxçıvan mədəniyyətinin bir parçası olan xalçalarla tanış olarkən də bu qənaətə gəlib: “Xalça muzeyində bizə bununla bağlı ətraflı məlumatlar verildi. Öyrəndik ki, xalça toxumaq ənənəsi indi də davam etdirilir”.
Yuris Maklakovs Naxçıvanda biznesin inkişafı üçün münbit şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, Naxçıvan şəhərində yerləşən bir neçə istehsal müəssisəsini gəzib. Yerli xammala əsaslanan bu müəssisələrin qurulması onda maraq oyadıb.
Muxtar respublikada kənd təsərrüfatının da hərtərəfli inkişaf etdiyini diqqətə çatdıran Yuris Maklakovs qeyd edib ki, Naxçıvanın yerli sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olub. “Keyfiyyəti ilə seçilən bu məhsulların gələcəkdə Latviya bazarına çıxarılması haqqında da düşünürük. Naxçıvan Muxtar Respublikasında keçirdiyimiz görüşlərdə bu barədə söhbət etmək imkanımız oldu. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Latviya arasında müxtəlif əməkdaşlıqların qurulmasına nail olacağıq”, – deyə səfir bildirib.