SİYASƏT
Yuris Mendzinş: Bakı spesifik şarmı olan çox gözəl şəhərdir
Riqa, 24 noyabr, AZƏRTAC
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinın səviyyəsi məni sözün yaxşı mənasında heyrətləndirdi. Azərbaycan tərəfi həmişə olduğu kimi qonaqpərvər idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Latviyanın LETA Milli İnformasiya Agentliyinin idarə heyətinin üzvü Yuris Mendzinş söyləyib.
Prezident İlham Əliyevin beynəlxalq tədbirlərin açılış mərasimində nitqini xüsusi qeyd edən Y.Mendzinş deyib: “Onun ingilis dilində belə gözəl danışması məni sözün yaxşı mənasında mat qoydu. Prezidentin çıxışı güclü idi. Bu çıxışda sadəcə gözəl diplomatik ifadələr səslənmirdi. Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminə ciddi toxundu, yeni təhlükələrdən, yeni çağırışlardan danışdı. Ölkənin siyasi kursunun bütün prioritetlərini çox dəqiq müəyyən etdi. İlham Əliyevin çıxışını əsl sənət əsəri adlandırardım. Zənnimcə, çox az sayda dövlət başçısı belə bir nitqlə çıxış etməyə hazırdır”.
Y.Mendzinş deyib ki, “Reuters” və TASS informasiya agentliklərinin Dünya Konqresi çərçivəsində təqdimatları onun üçün bir növ gözlənilməz trend oldu. Bu media-strukturlar yeni texniki sistemlər, redaktorların məlumat bazası ilə əlaqələri, açıq məkanda ödənişsiz rejimdə işləmək üçün yeni imkanlar təqdim etdilər.
LETA agentliyinin idarə heyətinin üzvü deyib: “Bakı Konqresində iştirakımı özüm üçün səmərəli sayıram, çünki bu beynəlxalq tədbirlər çərçivəsində biz “Deutsche Presse-Agentur” (DPA) ilə əlaqə yaratdıq. DPA media-startapların inkişafına kömək edir və bunun necə işlədiyini öyrənmək mənim üçün əhəmiyyətli idi”.
Yuris Mendzinş ilk dəfə səfər etdiyi Azərbaycanın paytaxtı barədə təəssüratlarını bölüşərək deyib: “Bakı barədə düşünəndə ağla gələn ilk təəssürat miqyasdır. Bakı spesifik şarmı olan çox gözəl şəhərdir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa