İQTİSADİYYAT
Yusif Səfərov küçəsinin bir hissəsinin yenidən qurulması başa çatıb
Bakı, 27 mart, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yenidənqurma çərçivəsində küçədə genişləndirmə işləri aparılıb. Mövcud yolayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib. Yolayrıcının 2 min kvadratmetr sahəsinə tamet daşlar döşənib, yaşıllaşdırma və abadlıq işləri aparılıb, kənarına isə 2500 poqonmetr yeni səki daşı düzülüb. Asfaltlanma işləri təqribən 34 min kvadratmetr sahəni əhatə edib.
Asfaltlanma işləri yekunlaşdıqdan sonra yol-cizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bundan başqa, küçəboyu ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yolun sağ hissəsində xüsusi hərəkət zolağı ayrılıb.
Məlumata əsasən, bir müddət öncə Yusif Səfərov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5 hərəkət zolağınadək genişləndirilib. Bundan başqa, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə olan geridönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 May küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geridönmə keçidi yaradılıb.