SİYASƏT
Yusif əş-Şəvaribə: Azərbaycan-İordaniya əlaqələri yüksək səviyyədədir
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan ilə İordaniya arasında dostluq və qardaşlıq əlaqələri yüksək səviyyədədir.
Bu fikir Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun Böyük Əmman Bələdiyyə Komitəsinin sədri Yusif əş-Şəvaribə ilə görüşündə səslənib.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfir ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin ölkələrarası əlaqələrin inkişafına müsbət təsiri, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, İordaniya nümayəndə heyətinin Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirakı məsələləri barədə müzakirələr aparılıb.
Səfir Əmmanda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçə və meydanın olmasını iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib, həmin küçə və meydanın şəhər bələdiyyəsinin daim diqqət mərkəzində olmasına görə təşəkkürünü ifadə edib.
Y.əş-Şəvaribə Azərbaycan və onun paytaxtı Bakı şəhəri haqqında çox eşitdiyini, cari ilin mayında keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunmasını ölkəmiz və paytaxtımızla tanışlıq üçün gözəl fürsət hesab etdiyini bildirib.
Komitənin sədri Əmman və Bakı şəhərləri arasında əməkdaşlığa dair saziş imzalandığını xatırladaraq, Ümumdünya Mədəniyyətlərarası Dialoqlar Forumunda iştirakı çərçivəsində Bakı şəhəri ilə yaxından tanış olmaq imkanı əldə edəcəyinə ümidvar olduğunu bildirib. O, Bakı Şəhər İcra Hakimiyyətinin iş təcrübəsi ilə tanış olmaq, əməkdaşlıq istiqamətlərini müzakirə etmək məqsədilə şəhər icra hakimiyyətinin başçısı ilə görüşmək arzusunda olduğunu vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyi, uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib. Səfir münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə görə təşəkkürünü bildirib.
Diplomat Əmman Bələdiyyə Komitəsinin sədrinə Azərbaycan haqqında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə kitablar və disklər təqdim edib.