CƏMİYYƏT
Yuxunun optimal müddəti təqribən 7 saat 40 dəqiqəyə bərabərdir
Alimlər öz tədqiqat çərçivəsində yaşı 30-dan çox olan 1875 qadın və 1885 kişi ilə sorğu apararaq onların gündə neçə saat yatdıqlarını müəyyən ediblər. Tədqiqatçılar sorğuda iştirak edənlərin cavablarını bu şəxslər tərəfindən götürülən bülletenlər (xəstəlik kağızları) haqqında Dövlət Sosial Sığorta İnstitutunun bazasında saxlanılan məlumatlarla müqayisə ediblər.
Məlum olub ki, gün ərzində 7-8 saat yatan insanlar sutkada 5 saatdan az və ya 10 saatdan çox yatanlarla müqayisədə daha az hallarda xəstəlik vərəqi götürürlər (fərq 5- 9 günədək təşkil edir). Alimlər yuxunun ən optimal vaxtını da müəyyən ediblər. Kişilər üçün ən optimal yuxu vaxtı 7 saat 42 dəqiqə, qadınlar üçün isə 7 saat 38 dəqiqədir. Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu orta rəqəmlərdir, hər insan üçün yuxunun optimal vaxtı fərdidir və əgər birisi altı saatlıq yuxudan sonra özünü yaxşı hiss edirsə, buna görə narahat olmağa dəyməz.
Bundan əvvəl Sinqapur universitetinin alimləri az yatmağın beynin fəaliyyətinə pis təsir göstərməsini eksperimentlərlə təsdiq edə biliblər.