CƏMİYYƏT


Yuyucu vasitələr alarkən nələrə diqqət edilməlidir?

Bakı, 1 avqust, AZƏRTAC

Yuyucu vasitələr parça, metal, şüşə, keramik və sair səthlərdən çirklənmə və ləkələrin təmizlənməsi üçün istifadə edilən çoxkomponentli birləşmələrdir. Sintetik yuyucu vasitələr geniş çeşidliliyə malikdir və istehlakçılara müxtəlif məmulatların xüsusiyyətlərinə uyğun yuyucu vasitə əldə etməyə imkan verir. Onlar suda yaxşı həll olur, suyun öncədən yumşaldılmasını tələb etmir, istənilən codluğa malik suda çirklənmələri asanlıqla aradan qaldırır, 20-30° С-də belə yuyucu təsir göstərir.

Sintetik yuyucu vasitələrin tərkibinə daxil olan əsas komponentlər səthi aktiv maddələr, antiresorbent, fosfatlar, qələvi duzlar, kimyəvi və optik ağardıcılar, bioəlavələr, antistatik və ətirvericilərdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, normativ–texniki sənədlərin tələblərinə əsasən, yuyucu vasitələrdə hidrogen ionlarının konsentrasiya səviyyəsi 7.5–11.5, fosfor duzlarının ümumi payı isə 22 faizdən çox olmamalıdır. Bu vasitələrin yuyuculuq göstəricisinin 85 faiz, ağardıcılığı 80 faizdən aşağı olmasına yol verilmir.

Nəzərə almaq lazımdır ki, bu maddələr heç də sağlamlıq üçün tam təhlükəsiz deyil. Məsələn, yuyucu vasitələrin tərkibinə daxil olan fosfatlar toksik və çətin yuyulan maddələrdir. İstehlakçılara sintetik yuyucu vasitə alarkən, tərkibində fosfatların miqdarı 5 faizdən artıq olmayan vasitələrə üstünlük vermələri tövsiyə olunur.

Fosfatların xüsusi çəkisi məhsulun etiketi üzərində göstərilir. Etiketdə, həmçinin məhsulun adı, təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, təhlükəsiz saxlama, daşınma və istifadə qaydaları, əsas istehlak xassələri, məcburi sertifikatlaşdırılma haqqında məlumat, malın xalis çəkisi, həcmi və ya miqdarı, tərkibi, istehsal tarixi və yararlılıq müddəti, müvafiq normativ texniki sənədin nömrəsi, dövlət standartlarına uyğunluğunu təsdiq edən işarə və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar qeyd olunmalıdır.

Etiket üzərindəki mətn diqqətlə öyrənilməli, təhlükəsiz istifadə şərtləri, saxlama şərtləri və saxlama müddəti ilə bağlı tələblərə ciddi əməl olunmalıdır. Yuyucu vasitələrin etiketi üzərindəki mətn aydın və silinməyən hərflərlə yazılmalı, kimyəvi maddənin təsirinə davamlı olmalı, malın istifadə müddəti ərzində silinməməli, qablaşdırması hermetik olmalıdır. Bunlar istehlakçıya saxta malı orijinal yuyucu vasitədən ayırd etməyə imkan verən mühüm cəhətlərdir.

Yuyucu vasitələr alarkən istehlakçıların diqqət etmələri gərəkən digər bir məqam yuyucu vasitənin qoxusudur. Belə ki, əksər hallarda saxta məhsul istehsalçıları məhsulun pis qoxusunu, tərkibindəki xloru və digər maddələri gizlətmək üçün güclü ətirverici maddələrdən istifadə edirlər. Bu isə ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən istehlakçılara ətirverici maddələrdən az istifadə olunmuş və neytral qoxulu yuyucu vasitələrdən istifadə etmələri tövsiyə edilir.

Yuyucu vasitələrin qeyd olunan mənfi təsirlərindən qorunmaq üçün istehlakçıların əlcəkdən istifadə etmələri məsləhətdir. Toz şəklində sintetik yuyucu əldə edərkən onun strukturunun dənəvər olmasına üstünlük verilməlidir. Belə ki, xırda toz şəklində olan yuyucu vasitələr nəfəs yollarına mənfi təsir göstərə bilər.

Yuyucu vasitələr uşaqların əli çatan yerlərdən kənarda, qaranlıq, quru, yaxşı havalandırılan, nisbi rütubətin 70 faizdən çox olmadığı yerlərdə saxlanılmalıdır.

Sintetik yuyucu vasitələr uzun müddət saxlanıla bilər. Belə ki, tərkibində peroksid duzları olan yuyucu vasitələr 6-9 ay, kimyəvi ağardıcılar və ya bioəlavələr olan sintetik yuyucu vasitələr azı 9 ay saxlama müddətinə malikdirlər. Digər növ sintetik yuyucu vasitələrin saxlama müddətləri normativ sənədlərlə məhdudlaşdırılmır.

İstehlakçılar unutmamalıdırlar ki, sintetik yuyucu vasitələr pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir. Bu səbəbdən istehlakçılar bu məmulatları alarkən diqqətli olmalı, uyğun olmayan vasitəni seçərsə malın dəyişdirilməyəcəyini bilməlidirlər. Satışda keyfiyyətsiz, markalanması normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan sintetik yuyucu vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.