MƏDƏNİYYƏT
Yüz ilin “Ölülər”i və ya “Ölülər”in yüz ili
Bakı, 24 iyun, Abdulla Suvar, AZƏRTAC
İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib və tragikomediya yeni quruluşda nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Akademik Milli Dram Teatrı ilə birgə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, həmçinin teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə teatrın direktoru, tamaşanın quruluşçu rejissoru və rəssamı, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək bildirib ki, məşhur “Ölülər” tragikomediyası bədii xüsusiyyətlərinə görə dünya dramaturgiyasının klassik nümunələri sırasına daxil olub. 1909-cu ildə yazılmış “Ölülər” komediyası ideya orijinallığı, mövzu zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bədii sənət incisidir.
Vurğulanıb ki, 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrında “Ölülər”in ilk tamaşası olub. Səhnə həyatı yaşadığı ilk gündən “Ölülər” böyük maraqla qarşılanıb.
Azərpaşa Nemət deyib ki, yeni quruluşda hazırlanan tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ərsəyə gəlib. Görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər”ə bəstələdiyi musiqi yeni tamaşada simfonik orkestr üçün işlənib. Musiqi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestr tərəfindən ifa olunur.
Tamaşanın elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, bu gün “Ölülər” əsəri yeni quruluşda tamaşaçıya təqdim olunacaq. “Ölülər” dünya ədəbiyyatında ən mükəmməl dram əsərləri ilə yanaşı durmağa layiq bir əsərdir. Əsər dünya dillərinə tərcümə olunarsa böyük maraq doğurar və insanları həyat və ölüm haqqında yenidən düşünməyə məcbur edər. Ötən 100 il ərzində “Ölülər” qədər teatrlarımızın repertuarında yer tutan ikinci bir əsərə rast gəlmək mümkün deyil. Bu əsər Azərbaycanda neçə-neçə görkəmli sənətkarın yetişməsinə, tanınmasına təkan edib.
Akademik deyib ki, “Ölülər”dəki komizm bir xalqın taleyi ilə bağlı olan dərin ictimai uyğunsuzluğun, ölü şüurla ağıl, mənəvi korluqla gözüaçıqlıq, ifrat xurafat və fanatizmlə sağlam düşüncə, həqiqətlə mistika arasındakı dərin, barışmaz ziddiyyətin məhsuludur.
Diqqətə çatdırılıb ki, ilk dəfə tamaşada İsgəndər rolunda Mirzağa Əliyev, Şeyx Nəsrullah rolunda isə Əliqulu Nəcəfov çıxış ediblər. Tamaşa çox böyük müvəffəqiyyət qazanıb. 1916-cı il aprelin 29-da ilk dəfə Bakıda göstərilən tamaşa həmin ilin iyununda Daşkənddə “Kolizey” teatrında (özbək dilində), iyul ayında Mahaçqala şəhər teatrında, avqustda Vladiqafqazda, 1917-ci ildə Tiflisdə, Gəncədə, Naxçıvanda və s. şəhərlərdə tamaşaya qoyulub və böyük müvəffəqiyyət qazanıb.
İsa Həbibbəyli deyib ki, bu tamaşaya ilk dəfə baxan böyük ədiblərimiz Sultan Məcid Qənizadə, Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və başqaları dəyərli fikirlər söyləyiblər.
Akademik vurğulayıb ki, hər zaman Azərbaycan mədəniyyətinə xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev də “Ölülər” əsərinə yüksək qiymət verib.
Sonra yeni quruluşda hazırlanmış tamaşa nümayiş olunub.
Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Bu dəfə “Ölülər”in Şeyx Nəsrullahı Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov olub. Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında xüsusi çalarlarla açılıb.
Səhnə əsərində digər obrazları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, aktyorlar Canəli Canalıyev, Xədicə Novruzlu, Rada Nəsibova, Adil Dəmirov və başqaları canlandırıblar.
Qeyd edək ki, yeni quruluşda təqdim olunan bu tamaşa “Ölülər” əsərinin Hüseyn Ərəblinskinin 1916-cı il ilk səhnə quruluşunun 100, Tofiq Kazımovun 1966-cı il səhnə quruluşunun 50, habelə Xalq Artisti Nurəddin Mehdixanlının 60 illiyinə həsr olunub.