ELM VƏ TƏHSİL
Yüz məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb
Bakı, 19 may, AZƏRTAC
2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki yüz ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə bu qurunun və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Guşənin yaradılması milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltmək məqsədlərinə xidmət edir.
“Milli Qəhrəmanlar” guşəsinin yaradılması ilə bağlı keçirilən tədbirlərdə BŞTİ, paytaxtın rayon icra hakimiyyətləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Qarabağ Əlilləri Təşkilatının nümayəndələri, şəhid ailələri, habelə məktəblərin kollektivləri iştirak ediblər.
Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu birdəqiqəlik sükutla yad edilib. Tədbirlərdə çıxış edənlər aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlardan, ordumuzun gücündən bəhs edib, gənclərə müvafiq tövsiyələrini veriblər.
Tədbirlərdə şagirdlər vətənpərvərliyə həsr oluna şeirlər söyləyib, rəqslər ifa ediblər.
Qeyd edək ki, növbəti tədris ilində digər paytaxt məktəblərində də “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulur.