REGİONLAR
ZAQATALADA BARAMA TƏDARÜKÜNƏ BAŞLANILMIŞDIR
Zaqatala rayon barama toxumu zavodunda məhsul qəbuluna başlanılmışdır. İlk günlərdə kümdarlar tərəfindən zavoda 8 tondan artıq yaş barama təhvil verilmişdir.
Zavodun direktoru Camal Köngülov AZƏRTAC-a bildirmişdir ki, cari mövsümdə kümdarlara Çindən gətirilmiş 600 qutu, yəni 11,4 kiloqram yüksək keyfiyyətli, məhsuldar və xəstəliklərə davamlı tut ipəkqurdu toxumu paylanılmışdır. Mövsümün sonunadək rayonda yaş barama məhsulu istehsalının 18-20 tona çatacağı gözlənilir. Xatırladaq ki, ötən il rayonun kümdarları 12 tona yaxın barama məhsulu istehsal etmişlər.
Bu il zavoda təhvil verilən barama əsasən, sənaye əhəmiyyətlidir. Kümdarlara yetişdirdikləri məhsulun hər kiloqramı üçün 3 manat ödənilir. Tədarük edilmiş yaş barama zavodda qurudulduqdan sonra “Şəki-İpək” ASC-yə təhvil veriləcəkdir.
Cari mövsümdə rayonun bir-sıra kəndlərində barama istehsalında əvvəlki illərə nisbətən daha yüksək nəticələr əldə edilmişdir. Aşağı Çardaxlar kəndindən Qəhrəman Mahmudovun ailəsi indiyədək zavoda 270 kiloqram yaş barama təhvil vermişdir. Mövsümün sonunadək Əli Bayramlı kəndindən olan Ramazan Dadaşovun ailəsi 500 kiloqram, Köbəloba kənd sakini Məleykə Zəngiyeva isə 350 kiloqram yaş barama istehsal etməyı proqnozlaşdırırlar.