CƏMİYYƏT
Zabrat qəsəbəsində hamilə qadının sağlamlığına zərər yetirməkdə şübhəli bilinən şəxs istintaqa cəlb edilib
Bakı, 27 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, iş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehdiyev tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.