ORDU
Zakir Həsənov: Hərbi Dəniz Qüvvələri yeni hərbi gəmilərlə təmin olunacaq
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xəzər dənizində keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları ilə bağlı Hərbi Dəniz Qüvvələrinin komandir-rəis heyəti və gəmi komandirlərinin iştirakı ilə toplantı keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ümumilikdə Silahlı Qüvvələrdə, xüsusilə Hərbi Dəniz Qüvvələrində aparılan köklü islahatlar, görülən işlər və perspektivlər, o cümlədən şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti barədə danışıb.
Təlimlərə hazırlıq, onun keçirilməsi və yekunlarını təhlil edən müdafiə naziri bildirib ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qısa müddətdə komandanlıq tərəfindən qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, plana uyğun olaraq aparılan təlimlərin uğurla baş tutması üçün bütün tədbirləri həyata keçiriblər.
Nazir qeyd edib ki, hər bir matros, miçman və zabit vətənpərvərlik hissini, Vətənimizə, xalqımıza və onun Ali Baş Komandanına sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Silahlı Qüvvələrimizin şəxsi heyəti düşmən üzərində hər an qələbə əldə edə bilər.
Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafına toxunan müdafiə naziri hazırda müasir standartlara və yeni tələblərə cavab verən geniş infrastruktura malik hərbi dəniz bazasının tikintisinin sürətlə aparıldığını, o cümlədən dəniz qüvvələrinin yeni hərbi gəmilərlə təmin olunacağını xüsusilə qeyd edib.
Sonda təlimə cəlb olunan birləşmə və hissələrin döyüş sahəsində birgə fəaliyyət göstərib tapşırıqların öhdəsindən gələrək fərqlənən hərbi qulluqçuları müdafiə naziri tərəfindən mükafatlandırılıb.