İQTİSADİYYAT
Zakir Nuriyev: Dolların kursunun qalxması və ya enməsi birbaşa bankların vəziyyəti ilə əlaqədar deyil
Bakı, 23 noyabr, AZƏRTAC
Artıq kommersiya banklarının hər biri öz hesabatını açıqlayıb və bu hesabatlar həm bankların öz saytında, həm də Azərbaycan Banklar Assosiasiyasının təsis etdiyi qəzetdə yer alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, bütün bankların 2005, 2010 və 2015–ci illəri əhatə edən fəaliyyəti geniş məlumatlar toplusu şəklində saytda yerləşdirilib. İstənilən şəxs bu məlumatlarla yaxından tanış ola və suallarını həmin banklara ünvanlandıra bilər.
Z.Nuriyev həmçinin qeyd edib ki, bu gün Azərbaycanda manat və ya valyuta çatışmazlığı məsələsi gündəmdə deyil. Belə ki, valyuta bir əmtəə növü olaraq, nə qədər varsa, o qədər həcmdə də satıla bilir.
Assosiasiya sədri bildirib ki, hazırkı mərhələdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ciddi şəkildə banklar üzərində nəzarət gücləndirilib. Problem yaşanmış və yaxud kapital yetərsizliyi olmayan bankların əksəriyyətində də kapital yetərliyinin təmini üzrə tədbirlər görülüb və bu tədbirlər davam etdirilir. “Lakin dolların kursunun qalxması və ya enməsi təbii ki, birbaşa bankların vəziyyəti ilə əlaqədar deyil. Bank sektorunda bu gün yaranan və bağlanan banklarda da mövcud olan problem yalnız iqtisadi subyektlərin banklardan aldığı kreditə xidmət edə bilməməsi nəticəsində yaranıb. Bankların heç biri burada baş verən hər hansı əməliyyatlar səbəbindən bağlanmayıb. Düşünürük ki, iqtisadi subyektlər borclarının ödənilməsinə daha həssas yanaşacaqlar", - deyə Zakir Nuriyev vurğulayıb.