SİYASƏT


“Zamanın çağırışları”: Sarkisyan rejiminin nə ölkəni idarə etmək strategiyası, nə də taktikası var

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Ermənistanda son hadisələr bir daha göstərir ki, bu ölkədə yaşayan insanlar Sarkisyanın cinayətkar oliqarx rejimindən narazıdır. Bununla belə, Ermənistanda “nəcib qiyam” başlayan andan üsyançılar siyasi və humanist tələblər irəli sürürlər, iqtidar isə susur. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut “Zamanın çağırışları” analitik informasiya portalında verilən “İqtidarda olan Sarkisyan rejiminin nə ölkəni idarə etmək strategiyası, nə də taktikası var” sərlövhəli məqaləsində yazıb.

İsrailli ekspertin fikrincə, Sarkisyan rejiminin müasir Ermənistanın problemlərini həll etməkdə acizlik dərəcəsinin bütün hədləri aşmasından əhalinin narazı olması bu gününün reallığıdır. Məqalə müəllifi yazır: “Ermənistanın istər iqtisadi, istərsə də siyasi vəziyyəti göstərir ki, ölkə səmərəli idarə olunmur, çünki məhz iqtisadi durum hökumətin fəaliyyətinin real bacarığının aynasıdır. Ermənistanın iqtisadi göstəricisi son dərəcə aşağıdır: dünyada 116-cı yer. Ermənistan iqtisadiyyatının öz göstəricilərinə görə Sudan, Tanzaniya, Zambiya, Çad, Monqolustan və Nepal kimi ölkələrin iqtisadiyyatından geri qalması faktdır. Yerevanda iqtidarda olan indiki separatçı rejim öz xalqına başqalarının torpaqlarına iddia etməkdən və qonşuları ilə münaqişə etməkdən başqa heç nə təklif edə bilmir. Erməni xalqı Ermənistanda hakimiyyəti ələ keçirərək zorla saxlayan, Ermənistanı Azərbaycan torpaqlarını zəbt etməklə biabır edən Qarabağ klanının hökmranlığından yorulub və zara gəlib. Bu iddialar isə yalnız və yalnız sadə Ermənistan vətəndaşlarının diqqətini Ermənistan Respublikasının iqtisadi problemlərindən və real durumundan yayındıran amildir”.

A.Qutun fikrincə, iqtisadiyyat acınacaqlı vəziyyətdədir. Əbəs yerə deyil ki, erməni analitiklərinin çoxu hakim oliqarx rejimi öz xalqına qarşı “ağ soyqırımı” siyasəti yürütməkdə ittiham edir. Bunun da nəticəsində hazırda Ermənistanda 1,5 milyondan çox adam qalıb. Məqalə müəllifi qeyd edir: “Ermənistan rifah və iqtisadi inkişaf səviyyəsinə görə Cənubi Qafqazda sonuncu yerdədir. Sosial-iqtisadi deqradasiyanın səviyyəsindən, korrupsiyanın yüksək olmasından isə danışmağa dəyməz. Bu gün Ermənistanda baş verənlər hansısa xarici qüvvələrin sifarişi deyildir, Ermənistan cəmiyyətinin özündə yetişən gerçək daxili etirazdır”.

Hadisə yerində olan Ermənistan parlamentinin deputatı Nikol Paşinyan deyib: “Silahlı qrup Jerayr Sefilyanın azad olunmasını, Ermənistan Prezidenti Serj Sarkisyanın istefasını, hakimiyyətin xalqa verilməsini tələb edir”. “Vzqlyad” qəzeti yazır ki, Jerayr Sefilyan Ermənistan siyasətində yetərincə maraqlı olsa da, simasını büsbütün itirmiş tipdir. O, artıq Ermənistan iqtidarına xeyli problem yaratmağı bacarmış xüsusi qəbildən olan adamlardandır. Sefilyan 1967-cu ildə Beyrutda anadan olub. Onun gənclik illəri Livanda vətəndaş müharibəsinə təsadüf edib. Erməni yaşıdlarının çoxu kimi o da “Daşnaksütyun” millətçi radikal təşkilatının yaratdığı dəstələrdən birinin üzvü olub.

Arye Qut qeyd edir ki, Şuşanın xüsusi batalyonu deyilən dəstəyə bu livanlı terrorçu başçılıq edib. Müəllif yazır: “Daşnaksütyun ilə sıx bağlı olan bu bölmə ilk növbədə Azərbaycanın Şuşa şəhərinin işğalında fərqlənib. O, Ermənistanın bütün prezidentlərinə müxalifətdə olub, müxtəlif səbəblərə görə onları tənqid edib. Ən əsas səbəb isə ölkə hakimiyyətinin Azərbaycan ilə hər hansı kompromisə gedə biləcəyi barədə Sefilyanın şübhələridir. Bundan əlavə o, bəlkə də yeganə müasir erməni siyasətçisidir ki, Azərbaycan ilə yeni müharibəni açıq dəstəkləyir. Bax Ermənistanda belə bir siyasi panoram yaranıb. Bir tərəfdə guya Azərbaycanla danışıqlar aparan prezident, digər tərəfdə Azərbaycan ilə müharibəyə çağıran subyektlər. Hərçənd hamıya məlumdur ki, Ermənistanın indiki rəhbərliyi əli bütünlüklə Azərbaycanın Xocalı şəhərinin günahsız sakinlərinin qanına bulaşmış real terrorçulardan ibarətdir. Yəni Sarkisyan da, Sefilyan da bir bezin qırağıdır. 1992-ci ildə Xocalıda soyqırımı aktının ideoloqu və əsas icraçısı məhz Sarkisyan olub. Sefilyan isə “Azərbaycanı diz çökdürmək” arzusunda idi. Ancaq bugünkü Azərbaycanın artıq XX əsrin 90-cı illərinin Azərbaycanı olmadığını nə Sarkisyan, nə də Sefilyan başa düşür. Təəssüf kimi, Ermənistanın siyasi liderlərinin çoxu özünün “meqaerməni aləmi”ndə yaşamağa davam edir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda təcrid durumuna düşən Ermənistan Xəzər dənizinin neft-qaz resursları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Bu da bir daha sübut edir ki, Ermənistan rəhbərlərinin nə strategiyası, nə də taktikası var. Danılmaz faktdır ki, onlar Ermənistanı Cənubi Qafqazda batan gəmi kimi hamının tərk etdiyi asılı ölkə vəziyyətinə salıblar”.

A.Qut qeyd edir ki, Sovet İttifaqı dağıldığı vaxtdan Ermənistan bütünlüklə Rusiyanın xarici-siyasi və iqtisadi ambisiyalarından asılıdır. Ölkəni acılıqdan varlı erməni diasporu (ayrı-ayrı adamların köçürdüyü pullar ildə təqribən 2 milyard dollar təşkil edir) və ABŞ Konqresinin sponsor köməyi xilas edir. Ekspert yazır: “Digər tərəfdən, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin danılmaz lideridir və sübut edib ki, regionun lider dövləti kimi özünü tam təsdiq edib. Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihənin onun iştirakı olmadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanın indiki geosiyasi və hərbi potensialı keyfiyyətcə elə yüksək səviyyəyə çatıb ki, Ermənistana sərt və sarsıdıcı cavab verməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından ötrü mümkün olan hər şeyi etməyə hər cür imkan yaranıb: bunu 2016-cı ilin aprel ayının əvvəlindəki hadisələr də sübuta yetirdi”.

Müəllif qeyd edir ki, iqtisadi inkişafın aşağı səviyyəsi daha böyük narahatlıq doğurur. “Legatum” İnstitutunun reytinqinə görə, Ermənistanı iqtisadiyyatı baş tutmayan ölkələrə aid etmək olar. Arye Qut yazır: “Azərbaycan ilə müqayisə etdikdə bu ölkədə neftin olmasını əks-arqument göstərmək və bununla da qonşunun yüksək iqtisadi göstəricilərini əsaslandırmaq olar. Britaniyanın “Legatum” İnstitutu vurğulayıb ki, eyni uğurla demək olar ki, Ermənistanda xeyli faydalı qazıntılar, məsələn, qızıl və digər əlvan metallar var və iqtisadi firavanlığın əsasında təkcə neftin durması əsla vacib deyil. Britaniyalı təhqiqatçıların fikrincə, iqtisadiyyatı dərin kollaps vəziyyətində olan ölkədə hasilat problemlərini həll etmək və bundan maksimum fayda götürməyə çalışmaq əvəzinə mədənlərin bağlanması və yataqların işlənməsinin dayandırılması haqqında məsələ ciddi müzakirə edilir. Bəlkə bitib-tükənməyən sərvəti, o cümlədən qızılı ilə şöhrət qazanan Azərbaycanın işğal edilmiş əraziləri vəhşicəsinə talan edildiyi üçün Ermənistanın hakimiyyət orqanları hələlik öz ərazisində qızıl çıxarmaq istəmirlər? Bu yaxınlarda Ermənistanın “Lragir.am” nəşrində “Tretya Sila Plyus” qəzetinin baş redaktoru Vaqram Ağacanyanın “Qarabağ qızılı gizli olaraq Rusiyaya və Fransaya daşınırmı?” sərlövhəli məqaləsi dərc olunub. Amma erməni xalqının həyatı heç yaxşılaşmır, əksinə o, günü-gündən lap da pis vəziyyətə düşür. Deməli, talan edilmiş nemətlər separatçı rejimin bir ovuc nümayəndəsinin varlanmasına xidmət edir”.

Ermənistanda qiyamın həqiqi narahatlıq doğurduğunu vurğulayan A.Qut yazır: “Ciddi təhdidlə üzləşən Sarkisyanın oliqarx rejiminin öz taleyi təhlükə altındadır. Əlbəttə, Ermənistanın ağır daxili sosial iqtisadi problemlərini də bir kənara qoymaq olmaz. Erməni siyasətçisi Aram Karapetyanın fikrincə, ölkə iqtisadiyyatının indiki xoşagəlməz iqtisadi durumunu 70 faiz obyektiv səbəblər, 30 faiz subyektiv səbəblər şərtləndirib. Karapetyan fikrini belə tamamlayıb: “Obyektiv səbəblər Ermənistanın daxilində yolların olmaması, müvafiq infrastrukturun tamamilə məhv edilməsi, subyektiv səbəblər isə pis idarəçilik, oliqopoliya, proteksionizm və s. ilə bağlıdır. 30 faizlə bağlı problemi həll etmək asandır. Hakimiyyət dəyişən kimi bu problem həllini tapacaq”.

İsrail eksperti fikrini belə yekunlaşdırıb: “Ermənistan paytaxtında son hadisələr bir daha təsdiq edir ki, Sarkisyan rejimi istər iqtisadiyyatda, istərsə də siyasətdə iflasa uğrayıb. Bu yaxınlarda faşist generalı və antisemit general Njdeyə abidənin qoyulmasını xatırlamaq kifayətdir. Bu fakt bir daha təsdiq edir ki, müasir Ermənistanda həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə kütləvi pərəstiş yaradılıb. Onların şərəfinə xatirə sikkələri zərb edir, bədii və sənədli filmlər çəkirlər. Ermənistanın paytaxtında Qaregin Njde adına meydan var, bir ay əvvəl isə Ermənistan hökumətinin binası qarşısında onun abidəsini açıblar. Dünya birliyi Ermənistanda faşizmin təbliğinə bundan sonra da sussa, bugünkü Ermənistanın rəhbərliyi sabah eyni müvəffəqiyyətlə Hitlerə abidə qoya bilər. Burada qeyd etmək lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmır, onların arxasında dövlət, daha dəqiq desək, Ermənistan Respublikası dayanıb. Təəssüf ki, Ermənistanda faşistlər qəhrəman obrazında təqdim edilir, üstəlik, hakim partiya Qaregin Njdeni öz ideoloqlarından biri sayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.