REGİONLAR


“Zamanın izləri” Sumqayıtda VİDEO

Sumqayıt, 29 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıt Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi “Zamanın izləri” adlı səyyar sərginin açılışı olub. Sərgidə yerli və əcnəbi rəssamların müasir əsərləri nümayiş etdirilib. Ekspozisiyaya daxil olan əsərlər “YARAT”ın daimi kolleksiyasına aiddir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib. O, bölgələrdə belə mədəni tədbirlərin təşkilinin insanların estetik zövqünün formalaşmasında mühüm əhəmiyyətə malik olduğu vurğulayıb.

Bundan əvvəl Qax, Mingəçevir, Zaqatala və Qusarda eyniadlı sərginin təşkil edildiyini bildirən sərginin kuratoru Fərəh Məmmədova qeyd edib ki, “Zamanın izləri” adlı sərginin əsas məqsədi regionda yaşayan əhalinin, xüsusilə də gənclərin müasir incəsənətə olan marağını artırmaq, mümkün qədər çox insanı müasir incəsənətlə məşğul olmağa cəlb etməkdir.

Bildirilib ki, sərgidə azərbaycanlı, türk, gürcü və rus rəssamlarının video instalyasiyaları, foto və digər əsərlərindən ibarət kolleksiyası nümayiş etdirilib. Kolleksiyada gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb. Həmçinin sərgi müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında baş verənləri daim müşahidə etmək üçün yeni üslublar təklif edir.

Sərgidə Azərbaycanın tanınmış gənc fotoqrafları İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” fotosilsilələri, Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi, gənc rəssamlar Fərid Rəsulovun “Ətalət” adlı videoinstalyasiyası, Orxan Hüseynovun “Sovetsk atelyesi” videoinstalyasiyası, Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli təqdim edilib. Faiq Əhməd isə qədim xalçaçılıq sənətini yeni interpretasiyada təqdim edərək xalçaçılıq estetikasını yenidən kəşf edib.

Bununla yanaşı, sənətsevərlər rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsi, Vyanada yaşayıb yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü”, gürcü rəssamı Koko Ramişvilinin “Çay, qəhvə və süd” əsəri və Berlində yaşayan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” fotosilsilələri ilə də tanış olmaq imkanı qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.