REGİONLAR


Zaqatala, Qax və Balakəndə 18 min hektaradək yeni fındıq bağları salınacaq

A+ A

Zaqatala, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın şimal-qərb bölgəsində kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala, Qax, Balakən və ətraf rayonların payına düşür. Fındıq istehsalı bu rayonların kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, “Ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır... Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var”.

AZƏRTAC-ın müxbiri dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı Zaqatala, Qax və Balakən rayonlarında həyata keçirilən tədbirlərlə maraqlanıb.

Rayonların icra hakimiyyətlərindən verilən statistik məlumata görə, hazırda bu üç rayon üzrə mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 70 hektardır. Bu bağların 16 min 713 hektarı barverəndir. 2015-ci ildə Zaqatala, Qax və Balakən rayonlarında fındıq bağlarından, ümumilikdə, 16 min tondan çox məhsul götürülüb. Məhsul istehsalçıları fındığın satışından 10 milyonlarla manat gəlir əldə ediblər. Hazırda bu rayonlarda fındıq yığımı başa çatmaq üzrədir. Bu günə olan məlumata görə, fındıq bağlarından 10 min tondan çox məhsul tədarük olunub.

Zaqatalada yaxın illərdə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılacaq

Zaqatala rayonunda fındıq emalına nəzər salsaq görərik ki, ötən il sənaye sahəsi üzrə ümumi məhsul buraxılışının 80 faizə yaxınını və ya 43 milyon manatını fındıq ləpəsi və ondan istehsal olunan məhsulların satışından qazanılan gəlirlər təşkil edib. 

Hazırda rayonda fındıq emalı ilə məşğul olan irili-xırdalı 20-dən çox müəssisə fəaliyyət göstərir. Belə müəssisələrdən biri də “Aqrovest” MMC-nin Lahıc kəndindəki fındıq emalı zavodudur. Müəssisədə istehsal olunan fındıq ləpəsi və digər məhsullar satış üçün Rusiya, Almaniya, Fransa, Belçika və digər ölkələrə göndərilir. Zavod direktorunun müavini Həmzə Həsənovun bildirdiyinə görə, fındığın builki qiyməti həm istehsalçıya, həm də alıcıya sərf edir. Əhalinin gəlirlərinin artması rayonun iqtisadiyyatının inkişafına böyük təkan verir.

Rayonun Əliabad qəsəbəsinin sakini Ramiz Şabanov AZƏRTAC-a müsahibəsində özünün və qəsəbədəki yüzlərlə ailənin gəlirlərində fındıqçılığın böyük rol oynadığını bildirib. Qəsəbə sakini deyib: “Əliabad qəsəbəsində tarixən inkişaf etmiş təsərrüfat sahələrindən biri də fındıqçılıqdır. Mənim 268 fındıq kolum var. Bu fındıq kollarının 68 topası aqrar islahatlar dövründə pay kimi verilib. 200 topa kolu özüm əkmişəm. Təsərrüfatın digər sahələri ilə müqayisədə fındıqçılıq çox gəlirli sahədir. Həm qiyməti yaxşıdır, həm də yüksək məhsuldarlığı var. Hər koldan orta hesabla 10 kiloqramadək məhsul götürmək olur”.

R.Şabanov əlavə edib ki, fındıqçılığın inkişafı bu zonanın iqtisadiyyatına təkan verəcək, ölkəmizə xaricdən valyuta cəlb olunmasına böyük kömək göstərəcək.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin icrasını təmin etmək məqsədilə Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində məqsədyönlü iş aparılır. Hazırda Zaqatalada 9 min 575 hektar fındıq bağı var. Yaxın illərdə fındıq bağlarının sahəsinin iki dəfəyədək artırılması planlaşdırılır. Artıq rayon icra hakimiyyəti tərəfindən Dağlı kəndinin yaxınlığında, dövlət fonduna aid əkin torpaqlarında 200 hektar sahədə yeni fındıq bağının salınması və tinglik sahəsinin yaradılması işlərinə başlanılıb. İndiyədək 80 hektar sahədə şum qaldırılıb, 10 hektar sahə kol-kosdan təmizlənib. Cari ilin payız və gələn ilin yaz əkin mövsümündə tinglərin əkini aparılacaq. Bu məqsədlə mövcud fındıq bağlarından 20 minə yaxın bir, iki və üçillik əkin materialı – pöhrə tədarük olunub və iş davam etdirilir.

Eyni zamanda, əhali tərəfindən də şəxsi təsərrüfatlarda yüzlərlə hektar yeni fındıq bağlarının salınması planlaşdırılır.

Qaxlı fermer: Fındıq istehsalı ölkəmizə yalnız xarici valyuta gətirmir, eyni zamanda, əhalinin məşğulluğu da təmin olunur

Yaxın illərdə Qax rayonunda da 4 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Artıq bu istiqamətdə əməli işlərə başlanılıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, cari ilin payız və gələn ilin yaz aylarında rayon ərazisində 1000 hektara yaxın sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır.

Qax rayonunun Turaclı kəndində vaxtilə fəaliyyət göstərən fındıqçılıq sovxozu sovetlər dönəmində ittifaqın ən böyük fındıqçılıq təsərrüfatlarından biri idi. Respublikamızda aqrar islahatlar aparılan zaman sovxoza məxsus fındıq bağları kənd əhalisinə paylanılıb. Hazırda bu kənddə fındıqçılıq əhalinin əsas fəaliyyət sahəsidir.

Kənd sakini, fermer Yusif Tanrıverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, hazırda özünün 10 hektar fındıq bağı var. Hər il ailəsi bu bağdan yüksək gəlir əldə edir. Bu sahənin inkişaf etdirilməsinin vacibliyinə toxunan bağ sahibi bildirib ki, fındıq istehsalı ölkəmizə yalnız xarici valyuta gətirmir. Yığım mövsümündə bağlarda yüzlərlə işçi çalışır, əhalinin məşğulluğu təmin olunur.

Balakəndə 5 min hektar sahədə yeni fındıq bağları salınacaq

Balakən rayonunda da fındıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 4454 hektar təşkil edir. Yaxın gələcəkdə rayon ərazisində əlavə olaraq, 5 min hektar sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.