CƏMİYYƏT
Zaqatala sakininin əllərinin kəsilməsi faktı ilə əlaqədar cinayət işi başlanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Zaqatala Rayon Prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirovun və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirov ilə görüşüb onu kirayədə yaşadıqları evə apararaq Araz Musayevə borcu olduğu üçün döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparmalarına, sonra R.Tahirovun V.Bəşirovun ayaqlarını tutmasına, A.Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayətin törədilməsində şübhəli bilinən R.Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.