REGİONLAR


Zaqatala tütün istehsalı və emalı məntəqəsi indiyədək fermerlərdən 1803 ton yaş tütün qəbul edib VİDEO

A+ A

Zaqatala, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın şimal-qərb rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, 2016-cı ildə bölgənin rayonlarında digər ənənəvi sahələr kimi, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilməkdədir.

Respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “İnter Tobacco” MMC-nin sədr müavini Mübariz Qədimov AZƏRTAC-a bildirib ki, bu il cəmiyyətin xətti ilə Zaqatala rayonunda 500, Balakəndə 240, Şəkidə 600, Qaxda 300, Oğuz rayonunda isə 20 hektara yaxın sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində tütün sahələrində bol məhsul yetişdirilib. Hazırda plantasiyalarda tütün yığımının qızğın çağıdır. Dərilmiş yaş tütün qurudulmaq üçün Səhmdar Cəmiyyətin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə təhvil verilir.

AZƏRTAC-ın müxbiri yaş tütünün qəbulu və emalı prosesi ilə yaxından tanış olmaq məqsədi ilə Zaqatala tütün istehsalı və emalı məntəqəsinə yollanıb, fermerlərlə görüşüb.

Məntəqədən verilən məlumata görə, Zaqatala, Balakən, Qax və Şəki rayonlarının fermerləri tərəfindən indiyədək məntəqəyə 1803 ton yaş tütün təhvil verilib. Hər gün orta hesabla 50-60 ton yaş tütün gətirilir. Məntəqədə 56 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hazırda kameraların hamısı işləyir. Tütünün qurudulması prosesi 6-7 gün çəkir. Tütün qurudulduqdan sonra preslənərək anbarlara yığılır.

Səhmdar Cəmiyyətin rəsmisinin bildirdiyinə görə, indiyədək məntəqədə 190 ton quru tütün istehsal olunub.

Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Balakən rayonunun Gərəkli kəndindən olan fermer Mehman Qaybalıyev AZƏRTAC-a bildirib ki, uzun illərdir Balakəndə tütün əkilmirdi. Bu il dövlətin qayğısı və dəstəyi ilə rayonda ilk dəfə tütün əkilib. Fermer özü Qullar kəndinin ərazisində 15 hektar sahədə tütün yetişdirib. İndiyədək Zaqatala məntəqəsinə 20 ton yaş tütün təhvil verib və hazırda yığım davam edir. Balakənli fermer cari mövsümdə sahələrdən 50 ton yaş tütün əldə etməyi qarşısına məqsəd qoyub. Məhsulun satış qiyməti də fermeri tam razı salır. O, gələn il əkin sahəsini daha da artırmağı düşünür.

Zaqatala rayonunun Yuxarı Tala kəndinin sakini Azər Mamqayev isə bu il 5 hektar sahədə tütün yetişdirib. Məhsuldarlıqdan razıdır. İndiyədək məntəqəyə 17 ton yaş tütün təhvil verib. Hazırda onun tütün sahəsində yığım davam edir. Fermer məntəqədə yaradılan şəraitdən razı qaldığını, qəbul prosesinin yaxşı təşkil olunduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.