REGİONLAR
Zaqatala və Balakəndə aqrar sektorun inkişaf perspektivlərinə dair müşavirələr keçirilir
Zaqatala, 19 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 19-da Zaqatalada kənd təsərrüfatı işlərinin gedişinə və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Kənd Təsərrüfatı Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmiləri, rayon rəhbərliyi, fermerlər, aqrar sektorda çalışan sahibkarlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlət qurumlarının rəsmiləri və rayon rəhbərliyi əvvəlcə Muxax istehsalat kooperativinin günəbaxan və toxumluq buğda sahələri, Lahıc kəndindəki fındıq emalı müəssisəsi, kümçülük təsərrüfatı, Zaqatala süd emalı zavodu, “Zaqatala-Ət” məhdud məsuliyyətli cəmiyyəti, “İnter Tobacco” MMC-nin tütün emalı zavodu ilə tanış olub, yazlıq bitkilərin əkin sahələrinə baxıblar.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq rayonda kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorda mövcud vəziyyət barədə məlumat verib.
Müşavirədə Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı istiqamətində görülən işlər, aqrar sektorun inkişaf perspektivləri barədə geniş məruzə edib.
Müşavirədə, həmçinin fermerlər tərəfindən müəyyən təkliflər səsləndirilib, onların maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Günün ikinci yarısında dövlət qurumlarının rəsmiləri Balakən rayonunun təsərrüfatlarında olacaq, fermerlərlə görüşəcəklər. Daha sonra Rayon Mədəniyyət Mərkəzində rayonda kənd təsərrüfatı işlərinin gedişinə və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçiriləcək.