REGİONLAR
Zaqatalada 12 min hektara yaxın sahədə payız səpini aparılır
Zaqatala, 23 noyabr, AZƏRTAC
Zaqatala rayonunda mövsüm başlayandan bu günədək 9218 hektar sahəyə payızlıq taxıl səpilib. Səpin aparılmış sahələrin 6012 hektarını buğda, 3206 hektarını isə arpa sahələri təşkil edir. Taxıl səpini üçün 3666 ton keyfiyyətli toxum fondu ayrılıb. İndiyədək təsərrüfatlarda 9540 hektar sahədə payız şumu aparılıb və iş davam etdirilir. Ümumiyyətlə, cari mövsümdə rayonda 12 min hektara yaxın sahədə payız səpininin həyata keçirilməsi proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-a Zaqatala Rayon Statistika İdarəsindən məlumat veriblər.
İdarədən bildiriblər ki, rayonda bitkiçilik məhsullarının yığımı əsasən başa çatdırılıb. Fermerlər bu il 5903 hektar qarğıdalı sahəsindən 32 min 487 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 55,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı ötən illə müqayisədə 745 ton artıb. Məhsul istehsalçıları cari mövsümdə 15 min 227 ton kartof, 19 min 713 ton tərəvəz, 8 min 736 ton bostan məhsulları, 25 min 484 ton meyvə, 1148 ton tütün, 36 ton yaşıl çay yarpağı istehsal ediblər.
Ümumiyyətlə, kənd təsərrüfatı məhsulları istehsalında ötən illə müqayisədə artım qeydə alınıb.