ELM VƏ TƏHSİL
Zaqatalada Eroziya və Suvarma İnstitutunun əldə etdiyi elmi nailiyyətlər müzakirə olunub
Bakı, 10 avqust, AZƏRTAC
Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunun əldə etdiyi son elmi nailiyyətlərin işıqlandırılması məqsədilə regional elmi-praktiki seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə RİH-in nümayəndələri, fermer təsərrüfatları rəhbərləri, aqrar sahə üzrə ixtisaslı mütəxəssislər, fərdi istehsal qurumlarının təmsilçiləri iştirak ediblər.
Seminarda “Azərbaycanda dağ suvarma əkinçiliyinin inkişaf perspektivləri, problemlər və həlli yolları” mövzusunda çıxış edən Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin aqrar elmi sahəsində imzaladığı Dövlət proqramlarının icrası təmsil etdiyi qurumda uğurla həyata keçirilir. İnstitutda müvafiq tədqiqat planı üzrə həyata keçirilən çoxsaylı elmi-tədqiqat işlərinin ilkin nəticələrini qənaətbəxş hesab etmək olar. Aqrar elmin əsas istiqamətlərində aparılan fundamental və tətbiqi əhəmiyyətli tədqiqatlar əsasında torpaqların səmərəli şəkildə istifadəsi baxımından tədbirlər görülüb. Torpaq eroziyasının bütün növləri: külək, irriqasiya, yaylaq, qobu, yarğan, sel eroziyaları, defilyasiya və deqradasiya kimi istiqamətlərdə də elmi əsaslı layihələr hazırlanaraq, geniş miqyaslı tətbiqə tövsiyə olunub.
Sonra institutun meşə-mühafizə tədqiqatları üzrə aparıcı elmi işçisi Fərrux Xəlilov “Böyük Qafqaz meşələrinin ekologiyası, antropogen deqradasiyası və yaxşılaşdırılması yolları” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə ölkəmizin aqrar sənaye qüdrətinin daha da yüksəldilməsi, eləcə də regionda bu sahədə mövcud problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr irəli sürülüb. Həmçinin Eroziya və Suvarma İnstitutunun yaranmasının 65 illik yubileyi ərəfəsində qurumun şərəfli elmi-yaradıcılıq və təşkilatı fəaliyyəti, son illərdə əldə olunan mühüm elmi nəticələr müzakirə olunub. Bildirilib ki, Azərbaycanın təbii resurslarının (torpaq, su, meşə fondu və s.) qorunub saxlanılması, onlardan səmərəli və qənaətlə istifadə olunaraq əkin dövriyyəsindən çıxma təhlükəsinin qarşısının alınması, bəşəri problem sayılan torpaq eroziyasına qarşı mübarizə bu elm müəssisənin alimlərinin qarşısında duran mühüm vəzifələrdir.