REGİONLAR


Zaqatalada Qurbanovlar ailəsi bu il bir ton yaş barama istehsal etməyi planlaşdırır

Zaqatala, 19 may, Mustafa Dadaşov, AZƏRTAC

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Zaqatala rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə müsbət təsir göstərməkdədir. Təsadüfi deyil ki, son bir ildə rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.

AZƏRTAC xəbər verir ki, belə ailə təsərrüfatlarından biri də rayonun Sumaylı kənd sakini Akif Qurbanova məxsus fermer təsərrüfatıdır. Əsasən qoyunçuluq və əkinçilik sahəsində çalışan Qurbanovlar ailəsi bu ildən etibarən barama istehsalı ilə də məşğul olmağa başlayıb. Qeyd edək ki, bu kümçü ailəsi cari mövsümdə Zaqatala rayonu üzrə barama istehsal etmək üçün ən çox ipəkqurdu götürən ailə təsərrüfatlarından biridir. Hazırda bu təsərrüfatda 20 qutu, yəni 400 qram ipəkqurdunun yemlənməsi prosesi həyata keçirilir.

Təsərrüfat rəhbəri AZƏRTAC-a müsahibəsində bildirib ki, cari mövsümdə, ən azından 1 ton yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar. Hazırda təsərrüfatda ailə üzvlərindən başqa, 8 nəfər mövsümi işlə təmin olunub. Fermerin dediyinə görə, baramanın satış qiymətinin artırılaraq 9 manata çatdırılması onlar üçün sərfəlidir. Məhsul tədarükünə iyunun əvvəllərində başlamaq planlaşdırılır.

Xatırladaq ki, 2016-cı ildə Zaqatala rayonunda 6 ton yaş barama istehsal olunub. Cari mövsümdə baramaçılıqla məşğul olan ailələrə 420 qutu ipəkqurdu paylanılıb. Bu il rayonda barama istehsalının 21 tona çatdırılması proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.