REGİONLAR
Zaqatalada akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs olunub
Zaqatala, 25 aprel, AZƏRTAC
Dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən akademik Zərifə Əliyeva fitri istedada malik alim, eyni zamanda, Tanrının Azərbaycan xalqına bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir şəxsiyyət olaraq, onu tanıyanların qəlbində yaşayır və daim yaşayacaqdır. Anadan olmasının 92-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə Zərifə xanımın sönməz ziyası onu əziz tutan insanları bir daha öz işığına toplayır, öz nuruna bürüyür.
AZƏRTAC xəbər verir ki, bu sözlər akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aprelin 25-də Zaqatala şəhərində keçirilən “Örnək ana - zirvə yolu” adlı tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon mədəniyyət evinin foyesində məktəblilərin Zərifə Əliyevaya həsr etdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxıblar.
Sonra görkəmli alimə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə akademik Zərifə Əliyevanın mənalı ömür yolu və yorulmaz fəaliyyətindən geniş söhbət açılıb, onun Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişafındakı müstəsna xidmətlərindən bəhs edilib. Bildirilib ki, Zərifə Əliyeva müasir oftalmologiya elminin əsas zirvələrindəndir. Təbiətin bəxş etdiyi keyfiyyətlər, uzun illər boyu yorulmaq bilmədən çalışmaq əzmi Zərifə xanımı harmonik şəxsiyyətə çevirmişdir. Görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində anadan olan Zərifə Əliyeva daim ətrafına nur saçan böyük ziyalı idi. O, insanlarla ünsiyyət qurmağı, hər kəsin qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım insanın mənəvi keyfiyyətlərinə yüksək qiymət verirdi, ünsiyyətdə olduğu hər bir kəsin qayğıları ilə maraqlanırdı.
Çıxışlarda vurğulanıb ki, işıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb.
Sonda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblərində keçirilmiş inşa yazı, şeir, rəsm müsabiqələri və idman yarışlarının qaliblərinə mükafatlar təqdim olunub.
Tədbir məktəblilərin hazırladıqları bədii proqramla başa çatıb.