REGİONLAR


Zaqatalada barama tədarükünə başlanılıb VİDEO

Zaqatala, 29 may, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızda ilk olaraq mayın 29-da Zaqatala rayonunda istehsalçılardan barama tədarükünə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Zaqatala barama toxumu zavodunun həyətində təşkil edilən tədarük prosesində rayon rəhbərliyi, “Şəki-İpək” ASC-nin tədarük üzrə mütəxəssisləri, kümçülər iştirak ediblər.

Barama istehsalçıları ilə görüşən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində qısa müddət ərzində respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən ipəkçiliyin inkişaf etdirilməsi istiqamətində çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Zaqatala rayonunda baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var. Mövcud potensialdan səmərəli istifadə etməklə ailələr öz gəlirlərini xeyli artıra bilərlər.

Sonra tədarük prosesinə başlanılıb. Zaqatala rayonu üzrə mövsümün ilk barama məhsulu Lahıc kənd sakini Aydın Əhmədovdan qəbul edilib. Onun gətirdiyi yaş barama elektron tərəziyə qoyulub və məhsulun çəkisi 82,3 kiloqram gəlib. Kümçünün bildirdiyinə görə, iki gün sonra məntəqəyə daha 90-95 kiloqram barama təhvil verəcək. Qeyd edək ki, kümçü ailəsi bu il 55 qram ipəkqurdu götürüb. İpəkqurdunun yemlənməsi prosesi bir ay çəkib. Əhmədovlar ailəsi cari mövsümdə 180 kiloqram barama istehsal etməyi planlaşdırır. Bu, o deməkdir ki, ailə bu il barama istehsalından 1600 manatdan çox gəlir əldə edəcək.

Rayonun Üçüncü Tala kəndinin icra nümayəndəsi Ülviyyə Mahmudova qəbul məntəqəsinə kümçülərlə birlikdə gəlib. Onun bildirdiyinə görə, ötən il kənddə yalnız bir ailə barama istehsalı ilə məşğul olub. Bu il isə beş ailə 320 qram ipəkqurdu götürüb. Onlar bu il 850 kiloqrama yaxın barama istehsal etməyi planlaşdırırlar.

Rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə ilə söhbət zamanı məlum oldu ki, cari mövsümdə kümçülərə 420 qutu ipəkqurdu paylanılıb. İki yüzədək ailə barama istehsalı ilə məşğul olub. Bu il rayonda barama istehsalının 21 tona çatdırılması nəzərdə tutulur. Ötən il isə bu göstərici 6 ton təşkil edib.

“Şəki-İpək” ASC-nin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, barama tədarükü ilə əlaqədar müəssisə tərəfindən bütün zəruri hazırlıq işləri görülüb. Bu il respublika üzrə 250-300 tonadək yaş barama istehsalı gözlənilir. Kümçülərə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 9 manat ödəniləcək.

Ümumiyyətlə, Zaqatala rayonu üzrə barama tədarükünün ilk günündə istehsalçılardan 404 kiloqram yaş barama qəbul olunub. Tədarük edilən barama “Şəki-İpək” ASC tərəfindən ayrılmış nəqliyyat vasitəsi ilə müəssisəyə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.