REGİONLAR
Zaqatalada əlillər qayğı ilə əhatə olunublar
Zaqatala, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda əlillərin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da əlillərin cəmiyyətə inteqrasiyası və sağlamlıqlarının bərpası, həmçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də Zaqatalada keçirilən tədbirdə rayonda əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, hazırda rayonda 7 minə yaxın əlil yaşayır. Onların hər biri dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. Əlillərin böyük əksəriyyətinə mənzil, minik avtomobili və əlil arabaları verilib. Onların cəmiyyətə inteqrasiya olunmalarına xüsusi diqqət göstərilir.
Tədbirdə çıxış edənlər ictimaiyyətin diqqətinin əlillərin sosial problemlərinin həllinə yönəldilməsinin vacibliyini önə çəkiblər.
Əlillər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çay süfrəsi ətrafında davam edən tədbirin sonunda bir qrup əlilə ərzaq yardımı göstərilib.