CƏMİYYƏT


Zaqatalada evdən oğurluq edən dəstənin üzvləri “isti izlər”lə yaxalanıblar

Bakı, 5 iyul, AZƏRTAC

Zaqatala rayonunun Yuxarı Tala kənd sakini İlqar Davudov iyulun 4-də rayon polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək iyunun 26-da evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. O, polisə gec müraciət etməsinin səbəbini yaxın ətrafından şübhələnməsi və axtarışlarının bir nəticə verməməsi ilə izah edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar polis rəisi Adil Ələkbərovun rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yeri ətraflı müayinə edilib, oradan oğurluğu törədənlərə məxsus maddi sübutlar aşkarlanaraq götürülüb.

“İsti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Süleyman Davudov şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib. Ətrafında aparılan tədbirlərlə onun oğurluğu Natiq və Şahin adlı həmyerliləri ilə birlikdə törətdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə Natiq İsmayılov və Şahin Harunov da saxlanılaraq şöbəyə gətiriliblər.

Aparılan araşdırmalar zamanı oğurluğun törədilməsində Süleymanın həm də bələdçilik etməsi, Şahinin isə sürücü kimi fəaliyyət göstərdiyi müəyyən olunub.

İstintaq-əməliyyat tədbirləri ilə onların zərərçəkmişin evinə pəncərədən girərək oradan içərisində 1200 ABŞ dolları, 8 min manat dəyərində qızıl-zinət əşyalarının olduğu çantanı götürdükdən sonra istirahət guşələrindən birinə gedərək əldə etdikləri qəniməti öz aralarında bölmələri, çantanı isə şəhərin kənarından keçən Vilvan çayının kənarına atmaları müəyyənləşib.

Çanta da maddi sübut kimi polis əməkdaşları tərəfindən həmin yerdən tapılaraq götürülüb və istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.