REGİONLAR


Zaqatalada fındıq bağları 17 min hektara çatdırılıb

Zaqatala, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin birinci rübündə Zaqatala rayonunda iqtisadiyyatın dinamik inkişafına nail olunub. Belə ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 faiz artaraq 65,3 milyon manat təşkil edib. Məhsul istehsalı sənayedə 84,6 faiz, kənd təsərrüfatında 12,9 faiz, ticarətdə 11,3 faiz, rabitə sahəsində 10 faiz artıb. Bu müddət ərzində pərakəndə əmtəə dövriyyəsinin həcmi 15,2 faiz, pullu xidmətlərin həcmi isə 17,8 faiz çoxalıb. İlin birinci rübündə rayonda 1571-i daimi olmaqla, 1591 yeni iş yeri açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da Zaqatalada 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində bildirilib ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəz edən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda da zəruri tədbirlər davam etdirilir. Cari ildə rayonda 700 hektardan çox sahədə tütün əkilməsi proqnozlaşdırılır. Bu məqsədlə “İnter-Tobacco” MMC tərəfindən fermerlərlə 637,2 hektar sahədə “Virciniya” və 23,4 hektar sahədə “Berley” tütün sortlarının əkilməsi ilə bağlı müqavilələr bağlanılıb. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Bundan əlavə, “Azəri” korporasiyası tərəfindən də rayonda 35 hektar sahədə tütün əkilməsi üçün hazırlıq işləri aparılıb.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Zaqatala rayonunda mövcud fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə ötən ilin payızında rayonda 2560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16 min 420 hektara çatdırılıb. Cari ilin yaz mövsümündə isə daha 598 hektar sahədə yeni fındıq bağları salınıb. Bundan əlavə, 5 hektar sahədə fındıq tingliyi təsərrüfatı yaradılıb və hazırda burada 300 min ədəd ting yetişdirilir. Bu tinglərin 600 hektar sahəyə köçürülməsi planlaşdırılır.

Bildirilib ki, ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək. Bu il rayonda 16 ton yaş barama istehsalı proqnozlaşdırılır. Bu məqsədlə iki yüzədək kümçü ailəsi ilə razılıq əldə olunub. Ötən il isə rayonda 6 ton yaş barama istehsal edilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə 2016-cı ilin payız mövsümündə rayon ərazisində 147 minə yaxın tut tingi əkilib. Hazırda bağlara qulluq işləri davam etdirilir.

Diqqətə çatdırılıb ki, Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Bu sahənin inkişaf etdirilməsi, yeni gül plantasiyasının salınması məqsədi ilə ötən il rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Payızda ayrılmış sahənin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd qızılgül tingi əkilib. Bu ilin yazında isə 25 hektar sahədə 500 min ədəd “lavanda” gülünün əkilməsi təmin olunub. Tezliklə bu ərazidə yeni gül emalı zavodunun tikintisinə başlanılacaq.

Yığıncaqda, həmçinin 2017-ci ilin birinci rübündə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.