REGİONLAR
Zaqatalada gül yağı zavodu tikilir VİDEO
Zaqatala, 22 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Təsadüfi deyil ki, Zaqatala respublikamızda “Qızılgüllər diyarı” kimi də tanınır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri iş aparılır.
Artıq rayonun Aşağı Tala kəndinin ərazisində gül yağı zavodunun tikintisinə də başlanılıb. Emal müəssisəsinin tikintisi “AZROSE” MMC-nin sifarişi ilə “LSM-İnşaat” MMC tərəfindən həyata keçirilir.
İş icraçısı İbrahim İbrahimov AZƏRTAC-a bildirib ki, zavodun ümumi ərazisi 2,7 hektardır. Müəssisəyə istehsalat binası, hazır məhsul anbarı, inzibati bina, həmçinin yardımçı tikililər, o cümlədən qazanxana binası, 200 kubmetr tutumu olan su anbarı, nasosxana və sutəmizləyici qurğu daxildir. Hazırda inzibati binanın ikinci mərtəbəsində qəlib və armaturlama işləri görülür. İstehsalat binasının bünövrəsinin betonlanması işləri də artıq yekunlaşıb.
Zavodun tikintisinin bu il avqustun sonu - sentyabrın əvvəlində başa çatdırılması nəzərdə tutulur.
Emal müəssisəsinin xammala olan tələbatını ödəmək məqsədi ilə yeni gül plantasiyasının salınması üçün ötən il rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd qızılgül, 25 hektar sahədə isə 500 min ədəd lavanda tingləri əkilib. Gələcəkdə gül plantasiyasından ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır.