REGİONLAR


Zaqatalada regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar barədə müzakirələr aparılıb VİDEO

A+ A

Zaqatala, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

İxracın stimullaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın mühüm istiqamətlərindəndir. Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzalanan Fərman qeyri-neft sektorunun inkişafına dəstək olmaqla, ixracın stimullaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikir İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə noyabrın 29-da Zaqatala şəhərində keçirilən “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda konfransda səsləndirilib.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şəki-Zaqatala bölgəsi rayonlarının yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri, sahibkarlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə regionda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 20-yə yaxın şirkətin iştirakı ilə keçirilən sərgiyə baxıblar.

Konfransı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq sahibkarlığın inkişafı ilə bağlı rayonda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, belə tədbirlərin sahibkarların maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, son dövrlər sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, sahibkarların hüquqlarının daha da gücləndirilməsi ilə bağlı Apelyasiya şuralarının yaradılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi üçün tədbirlərin həyata keçirilməsi, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədilə “ABAD” mərkəzlərinin yaradılması ilə bağlı mühüm qərarlar qəbul edilib.

Diqqətə çatdırılıb ki, bu gün keçirilən tədbir çərçivəsində nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür.

Konfransda, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, beynəlxalq biznes assosiasiyaları və yerli şirkətlərin nümayəndələrinin təqdimatları dinlənilib.

Tədbir çərçivəsində sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılmasının regionların inkişafına təsiri, ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması istiqamətində görülən tədbirlər barədə geniş müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.