REGİONLAR


Zaqataladakı “Xalça evi” qədim xalçaçılıq ənənələrini təbliğ edir VİDEO

A+ A

Zaqatala, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Xalçaçılıq Azərbaycanda çox qədim tarixə və zəngin ənənələrə malikdir. Bu sahə bütün dövrlərdə xalqımızın həyatında, məişətində özünəməxsus yer tutub. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan xalçaçılıqda işlədilən alətlər, boyaq maddələri hələ eradan əvvəl II minillikdə bu torpaqlarda bir çox sənət növləri ilə yanaşı, xalçaçılığın da inkişaf etdiyini deməyə əsas verir.

Son dövrlər Azərbaycanda bu qədim el sənətinin inkişaf etdirilməsinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi, həmçinin Prezident İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında bu il mayın 5-də imzaladığı Sərəncam bu qayğıya bariz nümunədir. Təsadüfi deyil ki, Azərbaycan xalçası dünya mədəniyyətinin tərkibinə daxil edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.

Artıq bölgələrdə də xalçaçılıq sənətinin inkişaf etdirilməsinə diqqət gündən-günə artır. Zaqatalalı sahibkar Mahir Bağırovun təşəbbüsü ilə rayonun Əliabad qəsəbəsində yaradılan “Xalça evi” də məhz bu qədim el sənətinin dirçəldilməsi, təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır. 2014-cü ilin mayında fəaliyyətə başlayan “Xalça evi” Yevlax-Zaqatala magistral avtomobil yolunun kənarında səfalı bir yerdə, yüksək zövqlə inşa edilən, fasadını xalça naxışları bəzəyən ikimərtəbəli gözəl bir binada yerləşir.

AZƏRTAC-ın müxbiri “Xalça evi”ndə olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.

“Xalça evi”nin icraçı direktoru Mahir Bağırov bildirib ki, vaxtilə bölgədə xalçaçılıq inkişaf etsə də, son dövrlər bu sahəyə maraq azalıb. Xüsusilə gənc qızlar xalçaçılığa az meyil göstərirlər. Layihənin həyata keçirilməsində də əsas məqsəd bölgədə bu qədim el sənətini yaşatmaq, təbliğ etmək, gənclərin xalçaçılığa marağının artırılmasına nail olmaqdır.

Müsahibimiz deyib ki, “Xalça evi”ndə çalışan xalçaçı qızlar buranın öz yetirmələridir. Onlar Zaqatala Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil edilən kurslarda xalçaçılığın sirlərinə yiyələniblər. Kurs iştirakçılarına Bakıdan dəvət olunmuş peşəkar xalçaçı-rəssam təlim keçib. Kursları müvəffəqiyyətlə başa vuran 15 nəfər gəncə sertifikat da verilib.

“Xalça evi”nin böyük zalında toxucu sexi yerləşir. Buradakı toxucu dəzgahları Şəkidən gətirilib. Xalça toxunmasında istifadə edilən təbii yun iplər Bakı, Şəki və İsmayıllının xalçaçılıq müəssisələrindən alınır. Əsasən böyük ölçülü xovlu və xovsuz, həmçinin kiçik ölçülü suvenir xalçalar toxunur. İstehsal olunan toxuculuq məmulatları binanın birinci mərtəbəsindəki sərgi-satış salonunda nümayiş etdirilir. Xalçaların qiymətləri ölçülərinə görə dəyişir. Kiçik ölçülü suvenir xalçaların qiyməti 35-100 manat, böyük ölçülü xalçaların qiyməti isə 200-1000 manat arasındadır. Yerli və xarici turistlər kiçik ölçülü suvenir xalçalara daha çox maraq göstərirlər.

“Xalça evi”ndə toxunan xalçaçılıq nümunələri respublikamızda keçirilən müxtəlif sərgilərdə, o cümlədən Bakı Ekspo Mərkəzində, həmçinin Novruz bayramı münasibətilə dənizkənarı milli parkda təşkil olunan sərgilərdə nümayiş etdirilib.

Prezident İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı Sərəncamın, həmçinin dövlətimizin başçısının Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında xalçaçılıq sənətinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların əhəmiyyətini yüksək qiymətləndirən Mahir Bağırov əmin olduğunu bildirib ki, bütün bunlar Azərbaycanda bu qədim el sənətinin daha da inkişafına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.