REGİONLAR


Zaqatalalı fermer cari mövsümdə 2 min tona yaxın tütün istehsal etməyi planlaşdırır

Zaqatala, 24 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun Yengiyan kəndindən olan fermer Telman Həsrətov ikinci ildir ki, tütünçülüklə məşğul olur. Uzun illər təsərrüfatın müxtəlif sahələrində çalışan fermer ötən il ilk dəfə olaraq 65 hektar sahədə tütün əkib, 700 ton yaş, 52 ton quru tütün istehsal edib. Dövlətin bu sahəyə yüksək dəstəyindən ruhlanan fermer bu il tütün sahələrini daha da genişləndirərək 110 hektara çatdırıb. O, bu il sahələrdən 2 min tona yaxın yaşıl tütün kütləsi tədarük etməyi qarşısına məqsəd qoyub.

Telman Həsrətov AZƏRTAC-a bildirib ki, təsərrüfatında bir neçə gündür tütün yığımına başlanılıb. İlk günlər 65 tona yaxın yaşıl tütün kütləsi yığılaraq qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilib. Tütün yığımına 50 nəfərədək mövsümü işçi cəlb olunub. Onların orta aylıq əməkhaqqı 300 manatdır. Hər gün tütün sahələrindən 10 tonadək yaşıl kütlə yığılır.

Ümumiyyətlə, cari mövsümdə Zaqatala rayonunda tütün sahələri əvvəlki illə müqayisədə 140,5 hektar genişləndirilərək 742 hektara çatdırılıb. Hazırda rayonun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır.

Rayonun Aşağı Tala kəndinin ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə fermer təsərrüfatlarından mövsümün əvvəlindən indiyədək 830 ton yaşıl tütün kütləsi daxil olub. Məntəqədə bu günədək 47 ton quru tütün istehsal olunub. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.