REGİONLAR
Zaqatalalı fermerlər 120 hektar sahədə təkrar əkin aparıblar
Zaqatala, 1 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi zaqatalalı fermerlərin də təkrar əkinlərə marağını artırıb. Taxıl biçini başa çatdıqdan sonra Zaqatala rayonunun təsərrüfatlarında 120 hektar sahədə təkrar əkin aparılıb. Əkin zamanı əsasən qarğıdalı və yem bitkilərinə üstünlük verilib.
Bu barədə AZƏRTAC-a Rayon Statistika İdarəsindən məlumat verilib. Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycanda dən və yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri təkrar əkinlərin tətbiq edilməsidir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım və mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştlər təkrar (aralıq) əkin aparan istehsalçılara da şamil edilir. Sərəncama uyğun olaraq, istehsalçılara hər hektar təkrar əkin sahəsinin becərilməsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat məbləğində yardım veriləcək.