REGİONLAR
Zaqatalalı gənc düzəltdiyi avtomobillə uşaqlıq arzusuna qovuşub VİDEO
Zaqatala, 8 yanvar, AZƏRTAC
Zaqatala rayonunun Danaçı kəndində yaşayan 27 yaşlı Abdulla Məmmədov uşaqlıqdan avtomobil düzəltmək həvəsində olub. O, beş il əvvəl öz ideyasını reallaşdırmağa başlayıb. Çəkdiyi zəhmət bəhrəsini verib və gənc bu günlərdə arzusuna qovuşub. Hazırladığı avtomobilə də elə öz adını verib.
AZƏRTAC xəbər verir ki, zaqatalalı avtomobil həvəskarı “Abdulla” adlandırdığı bu kiçik yük maşınının ərsəyə gəlməsi üçün 4 növ avtomobilin ehtiyat hissələrindən istifadə edib. Onun bildirdiyinə görə, maşının ön daşıyıcı hissəsi və qabaq təkərləri “Zaporojest”ə, arxa körpü hissəsi “Moskviç”ə, mühərrik və sürətlər qutusu isə “VAZ 2101” markalı minik avtomobilinə məxsusdur. Maşının arxa təkərləri “Mercedes” avtomobilinindir. Avtomobilin kabin və kuzovunun metal hissələrini isə Abdulla öz dizaynına uyğun düzəldib.
Gənc ixtiraçının dediyinə görə, avtomobili hazırlayarkən əl əməyinə daha çox üstünlük verdiyi üçün maşın uzun müddətə ərsəyə gəlib. Avtomobilin hazırlanmasına təxminən 4500 manata yaxın vəsait xərcləyib. Çəkisi 1 ton 250 kiloqram olan avtomobil 100 kilometr məsafə qət etmək üçün 6-8 litr benzin yandırır. O, bu texnikadan kənd təsərrüfatı işlərində, əsasən də yük daşımaq üçün istifadə etməyi düşünür.