REGİONLAR


Zaqatalalı məzunlardan 26 nəfər qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib

A+ A

Zaqatala, 7 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Son illər təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikintisi və təmiri, təhsil ocaqlarının yeni avadanlıqla təchiz olunması, informasiya texnologiyalarının tətbiqi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər təhsil sisteminin yeniləşməsinə, müasir təhsil mühitinin yaradılmasına əlverişli şərait yaradıb. Bu, ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikir sentyabrın 7-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul olunmuş gənclərlə rayon ictimaiyyəti nümayəndələrinin görüşü zamanı səsləndirilib.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirdə rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 455 məzundan 351 nəfəri, yəni imtahanda iştirak edənlərin 77 faizi tələbə adını qazanıb. Onlardan 35 nəfəri xaricdə təhsil alacaq. Bundan əlavə, əvvəlki illərin məzunlarından 36 nəfər ali məktəblərə daxil olub.

Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında 26 nəfər 600-dən, 44 nəfər isə 500 baldan yuxarı nəticə göstərib. İmtahanlarda humanitar fənlər gimnaziyasının məzunu Cavid Hüseyn hamıdan çox – 685 bal toplayıb. Şəhərdəki 3 nömrəli tam orta məktəbin məzunları Leyla Baliyeva, Aydan Əliyeva və Əfraim Məmmədov müvafiq olaraq 681, 675 və 673 bal toplamağa müvəffəq olublar.

Tədbirdə yüksək balla ali məktəbə daxil olan Leyla Baliyeva çıxış edərək, ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya zaqatalalı tələbələr adından minnətdarlığını bildirib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ali məktəblərə daxil olan gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Tədbirin sonunda qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunlara mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.