REGİONLAR


Zaqatalalılar baharın gəlişini sevinclə qarşılayıblar VİDEO

Zaqatala, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın ən əziz bayramlarından olan Novruz Zaqatala rayonunda da böyük coşqu ilə qeyd olunub. Zaqatalalılar baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayıblar.

AZƏRTAC xəbər verir ki, milli birliyimizin rəmzinə çevrilən bu el bayramı münasibətilə martın 20-də Zaqatala şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda ümumrayon bayram şənliyi keçirilib. Bayram tədbirində minlərlə zaqatalalı, həmçinin şəhərin qonaqları iştirak ediblər.

Tədbirin əvvəlində Dədə Qorqud və Bahar qızı “Cəngi” sədaları altında meydana daxil olaraq şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıblar.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin tədbir iştirakçılarına Novruz təbrikindən sonra meydanın ortasında qurulmuş bayram tonqalı alovlandırılıb.

Sonra rayon rəhbərliyi və qonaqlar meydanda təşkil olunan xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə, əmək kollektivlərinin, ayrı-ayrı kəndlərin hazırladıqları bayram guşələrinə baxıb, el sənətkarlarının əl işləri, habelə milli mətbəx nümunələri ilə tanış olublar. Kəndirbazların, pəhləvanların çıxışları bayram tədbirinə xüsusi ovqat qatıb.

Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Novruzun personaJları olan Kosa və Keçəl tədbir boyunca məzəli oyunları, dadlı və duzlu zarafatları ilə hamıya xoş əhval-ruhiyyə bəxş ediblər.

Bir neçə saat davam edən bayram tədbirində rayonun bədii-özfaliyyət, rəqs və folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.