REGİONLAR


Zaqatalanın seçki məntəqələri səsvermə gününə tam hazırdır VİDEO

A+ A

Zaqatala, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədi ilə bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə - referenduma sayılı günlər qalıb. Respublikamızın hər yerində olduğu kimi, 111 saylı Zaqatala-Balakən seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında da ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət daşıyan bu məsul kampaniyaya hazırlıq işləri mütəşəkkil qaydada başa çatıb. Dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazır vəziyyətə gətirilib.

Dairə seçki komissiyasının sədri Zöhrab İsmayılov AZƏRTAC-a bildirib ki, seçki məntəqələrinin 29-u Zaqatala rayonunda, 15-i isə Balakəndə yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 46 min 234 seçici qeydə alınıb. Onlardan 559-u 80-100 yaş arasındadır. Bu il ilk dəfə səsvermədə iştirak edəcək gənclərin sayı isə 368 nəfərdir. Dairə üzrə 2 seçicinin yaşı 100-dən yuxarıdır.

Səsvermə prosesinin açıq, şəffaf və demokratik keçirilməsi üçün seçki məntəqələrində bütün zəruri şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün 435 müşahidəçi qeydiyyatdan keçib.

Dairənin tərkibinə daxil olan 2 saylı seçki məntəqəsi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının binasında yerləşir. Bu məntəqədə də ümumxalq səsverməsinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasından AZƏRTAC-a bildiriblər ki, məntəqə üzrə 1220 seçici qeydə alınıb. Onlardan 14 nəfəri ilk dəfə səs verəcək. Seçicilərə bildirişlərin paylanması işi artıq başa çatıb. Yaşlı və xəstə seçicilərin siyahısı hazırlanıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. 81 yaşlı Qurban Beydullayev isə səsvermədə şəxsən iştirak edəcəyini bildirib.

Dairənin tərkibinə daxil olan digər seçki məntəqələri də səsvermə gününə tam hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.