REGİONLAR


Zaqatalanın tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarında xoş təəssürat yaradıb VİDEO

A+ A

Zaqatala, 14 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahət edən Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar rayonlarının məktəbliləri noyabrın 14-də, günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarını Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri səmimiyyətlə qarşılayıblar. Məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Sonra məktəblilər Mərkəzlə yaxından tanış olublar.

Bildirilib ki, 2008-ci ildən fəaliyyət göstərən Mərkəz 2015-ci ilin noyabrında cəlbedici arxitekturası olan yeni binaya köçüb. Heydər Əliyev Mərkəzi yetişməkdə olan gənc nəslin doğma Vətənimizə layiqli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Birinci mərtəbədəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Mərkəzdə mütəmadi olaraq açıq tarix dərsləri keçirilir. Yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi də artıq gözəl ənənəyə çevrilib.

Mərkəz gündəlik fəaliyyətində uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, qabiliyyətlərinin üzə çıxarılmasına, onlarda vətənpərvərlik hislərinin yüksəldilməsinə xüsusi diqqət ayırır. Hazırda burada fəaliyyət göstərən rəqs, rəsm, gənc fotoqraf, dekorativ tikmə, toxuculuq və xalçaçılıq dərnəklərində xeyli sayda yeniyetmə və gənc məşğul olur. Xalçaçılıq dərnəyi rayonda bu qədim el sənətinin yaşadılması və inkişaf etdirilməsinə mühüm töhfə verir.

Sonra məktəblilər dərnək otaqlarını gəzib, rəqs dərnəyi üzvlərinin ifasında milli rəqslərimizə tamaşa ediblər.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Məlumat verilib ki, qoruğun yerləşdiyi Zaqatala qalası çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olub. Çar hakimiyyəti “Potyomkin” zirehli gəmisinin inqilabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar bu qalada yerləşdirilmişlər. Qalanın divarlarının uzunluğu 3 min metr, hündürlüyü 3-5, eni isə 1,5 metr təşkil edib. Burada tüfəngdən atəş açmaq üçün 100-dən çox mazğal olub. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15-ə yaxın tikili var. Bildirilib ki, qalada saxlanılan matrosların inqilabi fəaliyyətindən bəhs edən “Yenilməz batalyon” filmi məhz bu tarixi məkanda çəkilib.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü var. Park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir.

Tur-aksiya iştirakçıları sonra “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.

Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan xoş təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.