İQTİSADİYYAT
Zaur Qəhrəmanov: “OMV Petrol Ofisi”nin Əliağadakı neft terminalının tutumunu 700 min kubmetr artıra bilərik
Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC
“OMV Petrol Ofisi A.Ş.”nin Əliağadakı neft terminalı 200 min kubmetrlik maye yanacaq saxlama tutumuna malikdir. Bu həcmi 700 min kubmetrə qədər artırmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, terminalda həmçinin 45 min kubmetrlik LPG saxlama sahəsi var və buranın da tutumu gələcəkdə artırıla bilər.
“Bütün layihələrimizi məhsuldarlıqla icra edirik. Həmin terminal 2012-ci ildə təməli qoyulan “Star” neft emalı zavodu üçün depo və nəqletmə məntəqəsi kimi istifadə olunacaq. Bu satınalma əməliyyatı “Star” layihəsi üzrə əvvəlcədən planlaşdırılmış logistika strategiyasının tərkib hissəsidir. “OMV Petrol Ofisi A.Ş.”yə məxsus Əliağa terminalının alınması ilə SOCAR-ın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 18 milyard dollara çatacaq”, - deyə Z.Qəhrəmanov qeyd edib.
Qeyd edək ki, Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalını SOCAR-ın strukturuna daxil olan beynəlxalq investisiya qrupuna satılmasına razılıq verib.