CƏMİYYƏT
Zavodun metal qəbulu məntəqəsində partlamamış hərbi sursat aşkarlanıb VİDEO
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) paytaxtın Nərimanov rayonunun Müzəffər Nərimanov küçəsindəki şampan zavodunun metal qəbulu məntəqəsindən üç partlamamış hərbi sursat - 100 millimetrlik “BR412” və 152 millimetrlik “OF540” top mərmiləri, habelə 100 millimetrlik bir top mərmisinin boş gilizini aşkar ediblər. Baxış zamanı min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən aprelin 7-dən dekabrın 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib. Nəticədə 4061 partlamamış hərbi sursat, o cümlədən piyada əleyhinə 15 “PMN”, 3 “POMZ-2”, 2 “OZM-72”, 2 “siqnal” minası və tank əleyhinə 46 mina aşkarlanaraq zərərsizləşdirilib.