İQTİSADİYYAT
Zdravko Poçivavşek: Qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin vaxtı gəlib çatıb VİDEO
Lyublyana, 16 fevral, AZƏRTAC
Sloveniya Azərbaycan ilə sıx əməkdaşlıq etmək istəyir.
Bu sözləri AZƏRTAC-ın müxbirlərinə müsahibəsində Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Zdravko Poçivavşek deyib.
Azərbaycanda iki dəfə olduğunu bildirən nazir ilk səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla xatırlayıb. Nazir bildirib ki, Sloveniya Azərbaycanla ticari-iqtisadi əlaqələri inkişaf etdirməyə, mal dövriyyəsinin həcminin artırılmasında maraqlıdır. Hazırda bu sahədə olan vəziyyətin onları qane etmədiyini söyləyən Zdravko Poçivavşek Bakıda Sloveniyanın fəxri konsulluğu fəaliyyətə başlayandan sonra bu işdə müəyyən irəliləyişə nail olunduğunu söyləyib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq barəsində danışan nazir Zdravko Poçivavşek bildirib ki, Azərbaycandan olan turistlər əsasən Sloveniyanın istirahət və müalicə mərkəzlərinə səfər edirlər. “Bizim turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük potensialımız var. Biz Azərbaycandan Sloveniyaya gələn turistlərin sayının artırılmasına çalışırıq”.
İqtisadi əməkdaşlıq üçün bir çox sahələrin olduğunu deyən sloveniyalı nazir enerji məsələsinin diqqət mərkəzində olduğunu bildirib. Perspektiv əməkdaşlıq sahələri kimi o, elektrik sənayesi, kənd təsərrüfatı və digər sahələrin adını çəkib.
“Azərbaycandan potensial investorları Sloveniyaya cəlb etməyə çalışırıq. Bunun üçün Sloveniyada hər cür şərait var. Bu ilin martında Bakıda keçiriləcək Azərbaycan-Sloveniya biznes forumuna böyük ümidlərimiz var. Sloveniyalı iş adamları əsas diqqəti yenə də turizmə yönəldəcək”, - deyən nazir Zdravko Poçivavşek bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən Sloveniya şirkətləri elektron sənayesi və energetika sahəsində fəaliyyət göstərirlər. Nazir hesab edir ki, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin vaxtı gəlib çatıb.
Azərbaycanın turizm agentliklərini Sloveniyada keçirilən forumlara dəvət edən iqtisadi inkişaf və texnologiyalar naziri bu cür təqdimatların ölkəsindən olan turistlərin Azərbaycana cəlb olunmasına şərait yaradacağına inandığını bildirib. “Hələ ki, ölkələrimiz arasında birbaşa aviauçuşlar olmasa da, insanlarımız Azərbaycana və ya Sloveniyaya gedib-gələ bilirlər”, - deyə nazir bildirib.
Bakı və Lyublyananın bir-birinə sıx bağlı olduqlarını hesab edən nazir deyib: “Mən sizin Milli Qəhrəmanınız Mehdi Hüseynzadə (Mixaylo) haqqında hələ o vaxtlar oxumuşdum və anlamışdım ki, Azərbaycan ilə Sloveniya bir-birinə yaxın ölkələrdi. Mixaylo sloven və Azərbaycan xalqını bir-birinə birləşdirib”.