REGİONLAR
Zebularla hibridləşmə heyvandarlığın ətlik istiqamətdə inkişafında müsbət nəticə verir VİDEO
Tərtər, 25 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri cins heyvandarlığın inkişaf etdirilməsidir. Heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə xaricdən ətlik və südlük istiqamətli heyvanlar gətirilir, müasir heyvandarlıq kompleksləri yaradılır, süni mayalama tədbirləri həyata keçirilir.
Ətlik cins heyvandarlığın inkişaf etdirilməsində zebu hibridlərinin yetişdirilməsi də uğurlu nəticələr verir. Yerli qara malın zebu əsasında təkmilləşdirilməsi ilə ölkədə heyvandarlığın yüksək inkişafına nail olmaq olar.
Tərtər rayon eksperimental cins-damazlıq kəndli-fermer təsərrüfatının rəhbəri, kənd təsərrüfatı elmləri namizədi Məhərrəm Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində zebu ilə hibridləşmənin maldarlığın inkişafına müsbət nəticələrindən bəhs edib.
M.Əliyev bildirib ki, hazırda dünyada 1,3 milyard baş qara mal var ki, onların da 600 milyondan çoxunu zebu qanlı heyvanlar təşkil edir. Zebular dəyişkən iqlim şəraitinə çox tez adaptasiya olur, adi qara malın normal yaşaya bilmədiyi yerlərdə özünü yaxşı hiss edir.
Xarici görünüşcə zebular adi qara maldan boynunun qurtaracağında, cidov nahiyəsində hürgücün yerləşməsinə görə fərqlənir. Hürgüc susuzluğa və aclığa qarşı qida rolunu oynayır. Zebunun buxağı isə isti iqlim şəraitində bədənin temperaturunu sabit saxlayır.
Zebunun ən üstün cəhətlərindən biri intensiv böyümə və kökəlməsidir. Yerli malların bir yaşında 180-200 kiloqram diri çəkisi olduğu halda, zebular eyni yaşda 380-400 kiloqram diri çəkiyə malik olur. Yerli qara malın kökəlməsi üçün qüvvəli yem tətbiq edilir. Zebular isə əsasən ot və samanla qidalanır. Zebu və hibridlərinin əsas xüsusiyyətlərindən biri heyvan xəstəliklərinə dayanıqlı olmasıdır. Odur ki, yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlər görülmür və baytarlıq xərcləri də tələb etmir.
Zebuların və onların hibridlərinin ət və südünün tərkibi də yerli qara maldan üstündür. Bu heyvanların südündə quru maddə və yağlılıq daha çoxdur. Belə ki, yağlılıq yerli malın südündə 3,5-3,8 faiz, təmiz qanlı zebularda 6 faizdən yuxarı, hibridlərdə isə 5-5,5 faiz olur. Zebunun əti zülalla daha zəngindir. Əgər yerli qara malın ətində 1410 kilokalori enerji varsa, zebularda bu göstərici 1700 kilokaloriyə yaxındır. Zebu və onun hibridləri ətinin dadı, şirəli, zərif lifli olması, yağın və zülalın çoxluğu ilə digər cinslərə nisbətən üstündür.
M.Əliyev deyib ki, 1999-cu ildə yaradılan eksperimental cins-damazlıq kəndli-fermer təsərrüfatının 24 hektar ərazisində heyvanların yemlənməsi üçün şəkər çuğunduru, taxıl və yonca əkilib. Təsərrüfatda olan Braman cinsli bir baş törədici zebu ilə 54 baş yerli heyvan çarpazlaşıb ki, tezliklə onlardan hibrid balalar alınacaq. Bu yaxınlarda təsərrüfata yeni cins zebular da gətiriləcək.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə təcrübə və müşahidələr aparıldığını deyən təsərrüfat rəhbəri iribuynuzlu mal qaranın zebu ilə çarpazlaşmasından hibridlərin alınmasını respublikamızda maldarlığın inkişafında daha rentabelli olduğunu qeyd edib. Bildirib ki, hibridləşmə sahəsində aparılan tədqiqatlar onu göstərir ki, zebularla hibridləşmə heyvandarlığın ətlik istiqamətdə inkişafında müsbət nəticə verir.