İDMAN


“Zəfər günləri”: Atletlərimiz parlaq qələbələri ilə xalqımıza sevinc bəxş edirlər VİDEO

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə atletlərin, jurnalistlərin və idman ictimaiyyətinin doğma ocağına çevrilib.

AZƏRTAC xəbər verir ki, “Zəfər günləri” layihəsi çərçivəsində mayın 20-də Milli Olimpiya Komitəsində “Bakı-2017”nin yeddinci günündə medal qazanan idmançılarımızla görüş təşkil edilib.

Mərasimdə MOK-un, Gənclər və İdman Nazirliyinin, idman federasiyalarının rəsmiləri, Olimpiya çempionları, medal qazanan atletlərimizin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, dünənki yarışların nəticələrinə görə Azərbaycan ümumi komanda hesabında birinci yerə yüksəlib. Bu, idmançılarımızın böyük uğurudur. Azərbaycanın idman salnaməsinə İslamiadadakı uğurları qızıl hərflərlə yazan atletlərimiz öz parlaq qələbələri ilə xalqımıza hər gün tükənməz sevinc bəxş edirlər. "Fərəhləndirici haldır ki, atletlərimiz mayın 19-da yeni idman növlərində medallar qazanıblar. Bu qələbələrə görə idmana və idmançılara yüksək qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq", - deyə Ç.Hüseynzadə bildirib.

Milli Məclisin deputatı Adil Əliyev isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının xalqımız üçün bayram tədbiri olduğunu deyib. Vurğulayıb ki, İslamiadanın Bakıda keçirilməsi Azərbaycanın sülhsevər ölkə olduğunu dünyaya nümayiş etdirir. Eyni zamanda, "Bakı-2017" idmançılarımızın zaman-zaman müxtəlif beynəlxalq idman yarışlarında qazandıqları qələbələrin məntiqi nəticəsidir.

Qalib idmançılara MOK-un xüsusi hədiyyələri təqdim olunduqdan sonra onlar zəfər lövhəsinə imza atıblar.

Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.