SİYASƏT


Zəki Ləvənt Gümrükçü: “Türkiyə, Azərbaycan və Gürcüstan əməkdaşlığı çox şəffaf və yüksək səviyyədədir”

Tbilisi, 20 may, AZƏRTAC

Mayın 21-də Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlərdə iştirak etmək üçün Türkiyənin Baş naziri Binəli Yıldırım Gürcüstana səfərə gələcək.

Bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü söyləyib.

Diplomat deyib ki, Baş nazirin səfəri çərçivəsində bir sıra görüşlər, həmçinin ikitərəfli strateji toplantı nəzərdə tutulub.

Görüşlərdə və toplantıda ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə, Gürcüstan və Azərbaycan üçtərəfli əməkdaşlığının perspektivləri, həyata keçirilən birgə layihələr barədə müzakirələr aparılacağını bildirən səfir deyib: “Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, dünya üçün əhəmiyyətli layihələr həyata keçirirlər. Bizim üçtərəfli əməkdaşlığımız çox şəffaf və yüksək səviyyədədir. Bu dostluq və əməkdaşlıq dünya ölkələri üçün nümunədir”.

Zəki Ləvənt Gümrükçü Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin bu yaxınlarda keçiriləcək görüşünə də münasibət bildirib. O deyib ki, Batumidə təşkil ediləcək üçtərəfli görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa dair çox mühüm məsələlər müzakirə olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.