CƏMİYYƏT


Zəlilərin bir qisminin vəhşi təbiətə buraxılması qərara alınıb

Bakı, 15 mart, AZƏRTAC 

Zəlilərin qanunsuz yollarla ölkədən çıxarılmasının artıq ikinci dəfə qarşısının alınması və külli miqdarda zəlinin müsadirə edilməsi ilə bağlı yayılan məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları bu ilin əvvəllərindən başlayaraq nəzarətdə saxlayır.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, birinci dəfə yanvarın 17-də Astara Gömrük İdarəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması nəzərdə tutulan 29 minədək zəli müsadirə olunub və müvəqqəti saxlanılmaq üçün nazirliyə müraciət edilmədən AMEA-nın Zoologiya İnstitutuna təhvil verilib.

14 iyul 2000-ci il tarixli Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131.2-ci bəndində göstərilir: “Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir”. Eyni zamanda, 4 iyun 1999-cu il tarixli “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə görə də “Müvafiq icra hakimiyyəti orqanlarının (ETSN-in) razılığı və icazəsi olmadan heyvanları özbaşına köçürmək, iqlimə uyğunlaşdırmaq və artırmaq qadağan edilir”.

Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müsadirə edilən zəlilərin hətta müvəqqəti saxlanılmağa verilməsi məqsədilə də qanunla vəhşi təbiət üzərində sərəncamverici orqana müraciət olunması təmin edilməyib. Ona görə də müsadirə olunan zəlilərin təhvil verilməsi üçün nazirliyə müraciət olunması barədə yayılmış xəbərlərin heç bir əsası yoxdur. Məsələ ilə bağlı nazirlikdə daxili araşdırma aparılıb və məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Qanunvericiliyin tələblərinin pozulmasına yol verdiyinə görə günahkarlara qarşı cərimə-cəza tədbirləri tətbiq olunub.

Fevralın axırlarında 40 min ədəd zəlinin yenidən ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınıb. Onlar müsadirə olunub və Zoologiya İnstitutunun Mingəçevirdəki sututarlarında yerləşdirilib.

Bununla bağlı məsələ aidiyyəti dövlət qurumları ilə müzakirə olunaraq martın 14-də zəlilərin bir qisminin Şirvan Milli Parkı ərazisində yerləşən Qızılqaz gölünə buraxılması, digər qisminin isə nazirliyin idarəetməsində olan müəssisədə saxlanılması qərara alınıb. Belə halların təkrarlanmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.