CƏMİYYƏT
Zəlzələ nəticəsində Şəkinin Turan qəsəbəsində 40-dək evin divarlarında çatlar əmələ gəlib
Şəki, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə sentyabrın 4-də səhər saatlarında baş vermiş zəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək məqsədi ilə aidiyyəti qurumlar tərəfindən yerlərdə dəqiqləşdirmə işləri davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanlar Turan qəsəbəsinə və Qaratorpaq kəndinə daha çox ziyan vurub. Komissiyaya daxil olan son məlumata görə, Turan qəsəbəsində 37 fərdi evin və uşaq bağçası binasının divarlarında iri çatlar əmələ gəlib, 7 həyətyanı sahənin hasarları uçub. Bundan əlavə, qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyin binası da zədələnib.
Qaratorpaq kəndində isə uşaq bağçasının binası ciddi zədələnib, kənddəki Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisənin binasının bir hissəsi uçub. Sakinlərə məxsus evlərin, yardımçı tikililərin divarlarında çatlar yaranıb, həyət hasarlarında dağıntılar var.
Yerlərdən daxil olan məlumatlara görə, yeraltı təkanlar nəticəsində Qozlubulaq kəndində 3, Çayqaraqoyunlu, Aydınbulaq, Göybulaq və Cəyirli kəndlərinin hər birində 2, Aşağı Daşağıl, Əliyar kəndlərində bir evin divarlarında çatlar əmələ gəlib. Bundan əlavə, zəlzələ nəticəsində Oxud kəndində ümumi orta məktəbin, Cəyirli kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binaları qəzalı vəziyyətə düşüb, Aşağı Küngüt və Bolludərə kəndlərində uşaq bağçalarının binaları zədələnib.
Hazırda Rayon Fövqəladə Hallar Komissiyası və yerli qurumlar tərəfindən zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.