MƏDƏNİYYƏT
“Zəmanəsindən irəli getmiş şəxsiyyət – Nizami Gəncəvi-875” adlı musiqili ədəbi-bədii tədbir keçirilib
Bakı, 9 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası uşaq şöbəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Zəmanəsindən irəli getmiş şəxsiyyət – Nizami Gəncəvi-875” mövzusunda musiqili ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Xətai rayonundakı Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Mərkəzi Kitabxananın direktoru Oruc Quliyev, baş kitabxanaçısı Təranə Quliyeva, “Qızıl qələm” mükafatı laureatı yazıçı Əzizə Ağahüseynqızı və başqaları dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından söhbət açıblar.
Tədbir iştirakçıları Nizami Gəncəvinin kitablarından ibarət sərgi və stendlə, dahi şairin yaradıcılığını əks etdirən şəkillərdən ibarət videogörüntü ilə tanış olublar.
Tədbirin bədii hissəsində məktəblilər Nizami Gəncəvinin yaradıcılığından nümunələr səsləndirib, “Kərpickəsən qocanın hekayəti” əsərindən parçalar nümayiş etdiriblər.
Sonda məktəbin özfəaliyyət ansamblının ifasında konsert proqramı təqdim olunub.