CƏMİYYƏT
Zəngilan Rayon Polis Şöbəsinin komandası futbol turnirinin qalibi olub
Bakı, 29 iyun, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və dahi rəhbərin siyasi hakimiyyətə qayıdışının 24 illiyi ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti və “Əlincə” İdman Klubu tərəfindən futbol turniri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Qurtuluş Günündə start verilən yarışda rayon ərazisində fəaliyyət göstərən müxtəlif idman cəmiyyətlərini və klublarını təmsil edən 14, eləcə də Masazır qəsəbəsindəki Zəngilan Rayon Polis Şöbəsinin futbol komandası iştirak edib.
On gün davam edən yarışın finalında Zəngilan Rayon Polis Şöbəsinin futbol komandası “Əlincə” idman klubu ilə qarşılaşıb. “Əlincə arena”da keçirilən görüşün yekununda rayon polis şöbəsinin komandası 5:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sonda qalib komandalara xatirə hədiyyələri və yarışın kuboku təqdim olunub.
Rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ölkədə ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin təşkilində, insan hüquq və azadlıqlarının təminatındakı rolunu və fədakar xidmətini həmişə yüksək dəyərləndirdiyi diqqətə çatdırılıb.